Transxəzər boru kəmərini hansı ölkənin maliyyələşdirəcəyi bilinmir
6 Fevral 2013 15:34 İqtisadiyyatTransxəzər qaz boru kəmərinin tikintisi layihəsinin hansı ölkə tərəfindən maliyyələşdirilməsi hələ müəyyən edilməyib. "OLAYLAR"ın məlumatına görə, bunu jurnaılistlərə açıqlamasında sənaye və energetika naziri Natiq Əliyev deyib. Onun sözlərinə görə, Transxəzər qaz boru kəmərinin tikintisi layihəsi çox mürəkkəb bir layihədir və bunun reallaşması üçün bir neçə məsələnin həll olunması tələb edilir: "İlk növbədə iki əsas və mühüm sənəd imzalanmalıdır. Bunlardan biri Azərbaycan, Türkmənistan və Avropa İttifaqı arasında siyasi iradə ilə bağlı sənəd, digəri isə Azərbaycan və Türkmənistan arasında boru kəmərinin tikintisi barədə saziş olmalıdır". Natiq Əliyev layihənin əsas mübahisəli məsələsi kimi qazın harada təhvil verilməsi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Türkmənistan ümumilikdə həmin kəmərlə ildə 30 mlrd. kubmetr həcmində təbii qaz ixrac edərək satmaq niyyətində olduğunu bildirsə də, qazın Xəzərin ona aid olan sahilində satılmasının tərəfdarıdır: "Azərbaycan isə öz növbəsində qazı öz sahələrində təhvil almaq istəyir. Beləliklə, boru kəmərinin tikintisinin kim tərəfindən maliyyələşdirilməsi məsələsi açıq qalır. Türkmənistanın mövqeyindən belə çıxır ki, o, kəmərin tikintisində iştirak etməməlidir. Azərbaycan isə tikintiyə investisiyanı yalnız müştərək şəkildə etməyə hazırdır". Layihənin dəyərindən danışan N.Əliyev bəyan edib ki, 1998-ci ildə layihə (kəmər və lazımi infrastrukturun inşası və qurulması) təxminən 3 mlrd. ABŞ dolları səviyyəsində qiymətləndirilib, lakin sonradan layihə daha da bahalaşıb: "Məsələn, təkcə Xəzərin dibi ilə aparılacaq boru kəmərinin tikintisinə 1-2 mlrd. dollar tələb olunur".