Gizli qaz müharibəsi İran 0-1 Rusiya - ARAŞDIRMA
İrana qarşı beynəlxalq sanksiyalar... və bu sanksiyalardan ən çox udan Rusiya
6 Fevral 2013 13:52 İqtisadiyyatSon zamanlar İran və İranın atom proqramı ətrafında baş verən hadisələrə diqqət etsək, səthi şəkildə belə təhlil etsək, bir gerçəyi başa düşmək olar ki, İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan ən çox qazanan Rusiyadır. Bu iddianı sübuta yetirməyə cəhd edəcəyik. İran ətrafında baş verən hadisələrdə bir çox supergücün mənafelərinin toqquşduğu heç kim üçün sirr deyil. İrana qarşı beynəlxalq arenada atılacaq sərt addımlara ən çox müqavimət göstərən, bu addımların əleyhinə çıxış edən aparıcı qüvvə də şübhəsiz ki, Rusiyadır. Dünyada Rusiyadan sonra ən böyük qaz hasilatına və qaz yataqlarına sahib ikinci ölkə hansıdır? Bu sualın cavabı şübhəsiz ki, İrandır. Neft və qaz hasilatı məsələləri sahəsində söz sahibi olan bir çox beynəlxalq mütəxəssisin verdiyi təxminlərə görə, İran dünyadaki təbii qaz yataqlarının 16 faizinə sahibdir. Bu zaman istər-istəməz ortaya bir sual çıxır, İran təbii qaz hasilatı və satışında Rusiyaya qarşı ciddi bir rəqib kimi çıxış edə bilərmi?
Hazırda Rusiya Federasiyasının rifahının, gücünün, hegemonluq siyasətinin əsas gəlir qaynağı enerji daşıyıcılarıdır. Bu gerçəyi nəzərə alsaq başa düşərik ki, bir enerji ixracatçısı olaraq İranın beynəlxalq yanacaq və neft bazarından məhrum edilməsindən ən çox udan ölkə təbii ki, Rusiyadır. İran kimi güclü enerji və təbii qaynaqlara sahib olan ölkənin beynəlxalq enerji qaynaqları və təbii qaz bazarında söz sahibi olmasını ən az arzu edən də sözsüz ki, Moskvadır. Şübhəsiz, Rusiya öz cənub sərhədlərində sabitlik və sakitliyin hökm sürməsini arzu edir, ancaq bir şərtlə, hər kəsin gizli rəqib olan İrana bir Xoxan kimi baxması şərti ilə. Moskva düşünür ki: "Qərbin Tehranla münasibətləri nə qədər gərgin olsa mənim üçün o qədər sərfəlidir".
OPEK beynəlxalq neft hasilatı ölkələri mütəxəssislərinin apardığı tədqiqatlarda əmin bir şəkildə deməyə imkan verir ki, İran beynəlxalq təbii qaz və eneri bazarında Rusiyaya qarşı ciddi şəkildə rəqabət təşkil edəcək bir gücə sahibdir. Narahatçılığın başlıca səbəbi ondan ibarətdir ki, dünyanın ən yüksək səviyyədə inkişaf etmiş və ən yüksək tələbata sahib olan təbii qaz bazarı olan Avropa da İrana çox yaxındır. Unutmayaq ki, Avropada neft və qazın qiyməti yüksək, tələbat səviyyəsi də sabitdir. Bir zamanlar Avropanın bütün böyük neft -qaz hasilatı ilə məşğul olan şirkətləri bu mövzu üzərində demək olar ki, Tehranla bütün maddələrdə razılıq əldə etmişdilər. Ancaq Vaşinqtonun təzyiqləri nəticəsində çox çətinliklə də olsa bu fikirdən əl çəkməyə məcbur oldular. Ancaq Tehrandakı əmmaməli şeytanları yaxşı tanıyanlar bilir ki, İran heç bir zaman boş durmayacaq. Hazırda Tehrandakı Neft -Qaz Sənayesi Nazirliyində İran-Pakistan -Hindistan qaz kəməri layihəsi üzərində ciddi çalışmalar gedir. Diqqətinizə çatdıraq ki, Hindistan Çinin həmsərhəddi olan qonşu dövlətdir. Ancaq Pakistanın Hindistan, Hindistanın da Çinlə olan gərgin münasibətləri sayəsində bu layihənin həyata keçirilməsi yaxın perspektivdə baş tutması çətin olan bir məsələ kimi görünür.
Hindistana gəlincə isə Rusiya hər vəchlə bu ölkənin nəhəng enerji və yanacaq bazarına girməyə cəhd edir. Hazırda Rusiya Hindistana Saxalində hasil edilən və çox da keyfiyyətli olmayan maye təbii qaz satır. Hazırda Rusiya Hindistan bazarına girmək üçün Hindistan yarımadasının ətrafındaki şelfdə geoloji zondaj və dəniz kəşfiyyatı ilə də məşğuldur. Ancaq bu kəşfiyyat işləri bu vaxta qədər ciddi nəticə verməyib. Əlbəttə ki, Moskva böyük həvəslə Tehranla, Pakistan- Hindistan qaz kəməri layihəsinə girə bilərdi, ancaq, görünür, Kreml Qərb ilə münasibətləri İran üzündən pozmaq istəmir.
Ancaq Moskva və Tehranı ən çox narahat edən başqa və əsas bir məsələ var, o da ABŞ-ın Fars Körfəzində günbəgün artan hərbi gücüdür. Moskvanı ciddi şəkildə təşvişə salan ABŞ və Qərbin İrana qarşı ehtimal olunan hərbi müdaxiləsidir. Rusiyanı narahat edən nədir? ABŞ və Qərb ittifaqı İrana hərbi müdaxilə etsə və hadisələr 2003-ci il İraq ssenarisi kimi inkişaf etsə, ölkə işğal edilsə, hakimiyyətə gətirilən amerikanpərəst qüvvələr necə hərəkət edə bilər? Böyük ehtimal ki, Qərb Avropanı Rusiya qaz borusundan İran qaz borusuna bağlamağa cəhd edəcək. Əgər Vaşinqtonun bu cəhdi baş tutarsa, Amerikanın ən böyük siyası xülyalarından biri olan Moskvanın əlindəki bütün Qərbi qış aylarında lərzəyə salan qaz-neft qılıncından məhrum etmək super xəyalı baş tutar. Bu halda NABUCCO layihəsi daha da güclənər, investisiyalar 10 qat artar. İran NABUCCO-ya ildə 20-25 milyard metr, Azərbaycan 10-15 milyard metr kub, Türkmənistan 10-15 milyard metr kub qaz verə bilər. Bu miqdar Qərbi və Avropanı tamam rus qaz və neft əsarətindən xilas etmək üçün kifayət bir rəqəmdir. Əgər Vaşinqton və Qərbdə bunu başa düşüb görsələr, onda Qərb və ABŞ Qafqazdakı və Orta Asiyadaki mənafelərini daha ciddi və intizamlı şəkildə müdafiə etməyə məcbur olar. Qərb və ABŞ başa düşməlidir ki, bu gün Qafqaz və Orta Asiyanın itirilməsi yaxın gələcəkdə Yaxın Şərqin və Uzaq Şərq itirilməsinə, ABŞ və Avropanın beynəlxalq arenada nüfuzunun kökdən zəifləməsinə gətirib çıxara bilər. Hal-hazırda çox bəlli olmasa da dünya siyasətinə hökm etmənin əsas mexanizmlərindən biri də Qafqaz -Orta Asiya nahiyəsindən keçir. Bu gerçək özünü 10-15 il sonra daha bariz bir şəkildə göstərəcək.
İran məsələsinə gəlincə isə, ABŞ-ın bu ölkəyə müdaxiləsi hər zaman aktual olaraq qalmaqdadır. Bu müdaxilə ya hərbi bir əməliyyat, ya da "Narıncı inqilab" şəklində baş verəcək ? bunu zaman göstərəcək. İranın yaxınlarında "Ərəb Baharı" hələlik tam gücü ilə davam edir.
İranın ən böyük problemləri arasında çox sürətlə artan gənc nəsil gəlir. Bu qeyri-sabitliyin əsas faktorlarından biridir. Beynəlxalq sanksiyalar İrandakı iqtisadi vəziyyətin daha da ağırlaşmasına səbəb olur. Bu da gənc nəsil arasında işsizliyin artmasına gətirib çıxarır. İşsiz- gücsüz gəzən, rejimdən narazı, hər kəsə və hər şeyə acıqlı olan gənc kütlələr və sanksiyalar nəticəsində iflas edərək lümpenləşmiş sahibkarlar sosial partlayış və inqilablar üçün ən münbit bir sahədir. Düzdür, Tehran da yerində sakit durmur. Körfəz ölkələrində qarışıqlıq çıxarmağa cəhd edir. Ancaq bir gerçək var ki, Körfəzin neft xanədanlarının əlindəki maddi güclə maliyyə imkanları ilə cəmiyyətdəki təzyiqi bir şəkildə azaltmaq mümkündür, maddi darboğazda olan Tehran bu vəsaiti haradan təmin edəcək? Bu çox qəliz məsələdir.
Avropa qaz bazarına gəlincə isə, bütün əldə olan məlumatlar onu deməyə imkan verir ki, yaxın 30 ildə bu regionda qaz tələbatı sabit olaraq 200 milyard kub metr həcmi səviyyəsinə qədər artacaq. Beynəlxalq neft -qaz sənayesi araşdırma qruplarının verdiyi məlumata görə, Avropa və Qərbdə yaxın 30 ildə eneri qaynağı olaraq ən aktual maddə də təbii qaz olmağa davam edəcək.
İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan öz mənafeləri üçün sərfəli şəkildə çıxış edərək kölgədə qalan güclərdən biri də Çindir. Pekin rəsmi şəkildə mütəmadi olaraq İrana qarşı tətbiq edilən sanksiyaların əleyhinə çıxış edir, ancaq bu sanksiyalardan da mümkün dərəcədə faydalanmağa çalışır.
İran beynəlxalq təcrid və təzyiqlər nəticəsində ciddi şəkildə zəifləmiş görünür, bu vəziyyət isə Pekinə Tehranla mövqeyindən danışmağa imkan verir. Çin davamlı olaraq Tehrandan neft qiymətlərini endirməyi tələb edir və buna nail olmuş kimi görünməkdədir. Bu yaxınlarda Yaponiya və Cənubi Koreyanın İran neftindən imtina etməsi Pekinin əlini daha da gücləndirir. Amerikan Demokratiyaları Müdafiə Fondunun mütəxəssislərinin analizinə görə, hadisələr İran əleyhinə bu axarda cərəyan etməyə davam edərsə, yaxın perspektivdə Çin Tehrandan təmin etdiyi neft və qaza ən az 40 faiz endirim ala bilər. Enerji bazarında neft və qaza tələbat artarkən və qiymətlər yüksələrkən bu enerji qıtlığı çəkən Pekin üçün, necə deyərlər, cənnət halvası kimi göydən düşmə bir fürsət olaraq görünür.
Nəticədə görünən tablo bundan ibarətdir ki, son illərdə baş verən Yaxın Şərq böhranlarından ən qazanclı çıxan ölkə hələlik Rusiyadır. Yaxın və Orta Şərq bölgəsində tüğyan edən siyasi böhranlar nəticəsində neft və qazın qiyməti durmadan artır və bundan da ən çox udan Rusiya olur . İrana qarşı embarqodan qazancla çıxa biləcək başqa bir beynəlxalq güc var, o da bp-dir . Hazırda bp İranın Naftiran İntertrade dövlət şirkəti ilə Xəzər dənizinin İran bölümündəki qaz yataqlarının birgə işlədilməsi və kəşfiyyatı ilə əlaqədər olaraq ABŞ dan razılıq almaq üçün cəhd edir. bp Vaşinqtondan razılıq ala bilsə, bu sövdələşmə hər iki tərəf üçün çox böyük gəlirlər vəd edir. Moskvanı da ciddi şəkildə Avropa qaz bazarından sıxışdıra bilər. NABUCCO-nun dəyəri də 1/100 artar. Gözləyək, görək bu qazandan kim qazanclı çıxacaq .
Mehdi Səlimov