“Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanacaq
19 Sentyabr 2018 13:31 İqtisadiyyatBakı metropoliteninin 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. Bu barədə məlumat "OLAYLAR"-a "Bakı Metropoliteni"nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Həmçinin 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalı, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır.
Qeyd edək ki, "Xətai" stansiyasında və "Xətai-Cəfər Cabbarlı" mənzilində infrastrukturun sağlamlaşdırılması, əsaslı təmir olunaraq yenidən qurulması tədbirləri mərhələli şəkildə həyata keçirilir. Təmirin 2016-cı ilin dekabr ayında yekunlaşdırılmış birinci mərhələsində stansiyanın 1-ci baş yolu və orta zalı, eləcə də "Xətai-Cəfər Cabbarlı" mənzilinin 1-ci yolu müasir tələblər səviyyəsinə çatdırılıb.
Eskalatorların dəyişdirilməsi və vestibülün təmiri ilə bağlı hazırlıq tədbirlərinə cari ilin fevral ayında başlanılıb, əsaslı təmir və yenidənqurma prosesinin qrafikə uyğun, keyfiyyətlə yerinə yetirilməsi məqsədilə tədbirlər planı hazırlanıb.
Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator söküləcək. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək. Xatırlatmaq yerinə düşər ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb.
Qarşıdakı müddət ərzində həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və "Xətai-Cəfər Cabbarlı" mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq.
"Bakı Metropoliteni" QSC sərnişinlərə xəbərdarlıq edir ki, "Xətai" stansiyası 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.