İpoteka qaydalarına dəyişikliklər mənzilləri bahalaşdıracaq? ARAŞDIRMA
5 Fevral 2013 14:44 İqtisadiyyat"Prezidentin sərəncamı ilə güzəştli ipoteka üçün nəzərdə tutulan maksimum məbləğin 50 min manata qaldırılmasını müsbət sayıram. Amma bu yetərli deyil, faiz dərəcələri də aşağı salınmalıdır", - deyə Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyevi güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarına edilmiş dəyişiklikləri şərh edərkən bildirib.
Fevralın 4-də prezident İlham Əliyevin sərəncamı ilə "Güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları"nda edilmiş dəyişikliklərdə bu tip ipoteka kreditlərinin maksimum məbləği 35 min manatdan 50 min manata qaldırılıb. Lakin kreditin digər şərtlərinə əl vurulmayıb. Yəni ilkin ödəniş səviyyəsi 15% və kredit dərəcəsi 4% ətrafında saxlanılıb.
Oqtay Haqverdiyev faiz dərəcələrinin iki dəfədən çox aşağı salınmasının vacibliyini vurğulayır: "Dünya praktikasına əsaslansaq, güzəştli ipotekanın dərəcəsi 1-2 faiz arasında dəyişməlidir, elə ölkələr var ki, onlarda dərəcə 0,5%-dir". Onun fikrincə, Azərbaycanda aid ipoteka dərəcələri isə 3-4%-ə endirilməlidir.
"Onu qaytarmaq məsələsi də var. Biz hələ güzəştli ipotekanın maksimum məbləği 35 min manat olanda hesablaşmışdıq, həmin qiymətə mənzil tapıb alan adam 35 min manatın əvəzinə 65 min manat ödəməli idi. Yəni həmin şərtlrələ iki dəfədən artıq pul vermək lazım gəlirdi", - deyə iqtisadçı ekspert fikrini əsaslandırır.
Qeyd edək ki, bu məsələdə bizə mentalitetcə çox yaxın olan Türkiyənin praktikası xüsusilə təqdirə layiqdir - qonşu ölkənin dövlət tərəfindən gerçəkləşdirilən mikrorayon layihələrində kredit dərəcələri 0,75- 0,8%-ə qədər düşüb. Təbii ki, belə mikrorayonlardan normal - 2 yataq otağı və 1 zalı, iri mətbəxi və normal hamamı olan, tam təmirli mənzil alan vətəndaşlar ayda cəmi 100 ABŞ dolları ödəyirlər. Təbii ki, 30 illik kredit müddətində bu krediti alan vətəndaş mənzil üçün 36 min ABŞ dolları ödəməlidir.
Amma Azərbaycanda yeni şərtlərlə ipoteka krediti alan vətəndaşlar 50 min manat kredit və 15%-lik ilkin ödəniş hesabına dərhal yaşamaq üçün Bakıda yalnız iki otaqlı köhnə mənzilə ümid edə bilərlər (təzələr ya çox böyükdürlər, ya da sənədləri qaydasında deyil, həmçinin malaaltı, yəni təmirsiz satılırlar). Alınmış bu köhnə mənzilin müqabilində vətəndaş 30 il müddətində ayda 240 manata yaxın, yəni toplam 80 min manat pul ödəməlidir. Özü də alınmış bu mənzillərin çoxu o vaxt 20 il müddətinə tikilmiş və istismar müddətini başa çatdırmış "xruşşovka"larda yerləşir ki, onların da yaxın 10-15 ildə sökülməyəcəyinə heç bir zəmanət yoxdur. Yəni tikinti ekspertələrinin çoxu, bu fikirdədir ki, bu mənzillərin çoxu kredit müddəti başa çatmamış tarixə qovuşacaq. Ona görə də əksər tikinti ekspertləri, o cümlədən, "MBA" Konsaltinq Şirkətinin başçısı Nüsrət İbrahimov bu fikirdədir ki, dövlət faiz dərəcələrini aşağı salmaqla yanaşı, güzəştli mənzil tikintisi üçün ayrıca sahələr ayıraraq Türkiyədəki kimi mikrorayonlar inşa etməlidir.
Əlqərəz, bu gələcəyin işidir. Amma indi reallıqda budur ki, prezident sərəncamı ilə həm güzəştli kreditin məbləği, həm də bu kateqoriyaya daxil olan insanların əhatə dairəsi artıb. Məsələn, fərmana görə, üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan, eləcə də ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular da güzəştli şərtlərlə ipoteka krediti ala biləcək.
Oqtay Haqverdiyev məhz bu amili nəzərə alaraq, diyişikliklərin mənzil bazarında aktivliyi artıracağını deyir: "İndi bizim mənzil bazarımızda qiymətlər arta bilər, yəni bazarda alıcıların sayı artacaq. Çünki artıq 50 min manata normal mənzil almaq mümkündür, əvvəlki 35 min manata isə yalnız şəhər ətrafında 1-2 otaqlı evə ümid etmək olardı".
Qeyd edək ki, bu ilki dövlət büdcəsində güzəştli ipoteka üçün ayrılan vəsaitlərin 2012-ci ilin büdcəsinə baxanda 2 dəfə artaraq 40 milyon manata çatıdırılması da bu fikri təsdiqləyir. Yəni güzəştli ipoteka kreditlərin mənzil bazarına təzyiqi bu il iki dəfə güclü olacaq.