Babək prospektində işlərin oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulur
17 Sentyabr 2018 17:30 İqtisadiyyatAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 9 km olan Babək prospektinin yenidən qurulması işləri sonuncu mərhələ çərçivəsində yüksək keyfiyyətlə davam etdirilir. "OLAYLAR"-a Agentlikdən bildirilib ki, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilir.
Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib. Bu işlər aidiyyəti qurum tərəfindən bir-neçə gün bundan öncə yekunlaşdırılıb.
Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunur və 15 200 kv.m sahədə yeniləri tikilir, mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradır. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilir. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-metr uzunluğunda yeni səki daşları düzülür.
Ümumilikdə yenidənqurma işlərinin oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulub.