Dövlət büdcəsinə 690 milyon manat əlavə edildi

Samir Şərifov: “Neftin qiymətinin artması ilə əlaqədar əlavə 500 milyon, qeyri-neft sektorundan isə 100 milyon manat vəsait daxil olacaq”

Milli Məclisin mayın 29-da keçirilən  iclasında millət vəkilləri 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə ediblər. Sənəd barədə məlumat verən parlamentin  iqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, maliyyə resurslarının artması öz növbəsində imkan verir  ki,  Azərbaycanın dövlət büdcəsi də ildən-ilə artsın. 2011-ci ilin yekunlarına görə, Azərbaycanın böyük inkişaf yolu keçdiyini qeyd edən komitə sədri deyib ki, Azərbaycan öz dinamik inkişafına görə, dünyanın aparıcı ölkələrindən, söz sahiblərindən birinə çevrilib: " Azərbaycan bu gün heç bir maliyyə sıxıntısı, problemi yaşamır. Ölkəmiz dünyada davam edən maliyyə-iqtisadi böhran fonunda heç bir maliyyə sarsıntısı keçirməyib". 2012-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklər barədə millət vəkillərinə geniş məlumat verən maliyyə naziri Samir Şərifov qeyd edib ki, dəyişikliyin nəticəsində dövlət büdcəsinin gəlirləri və xərcləri 690 milyon manat artırılacaq, gəlirlər 17 038 mln. manat, xərclər isə 17 672 mln. manata çatdırılacaq. Dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulub. 2012-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas mahiyyəti barədə danışan nazir bildirib ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycanın  şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların aradan qaldırılması, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə xüsusi təyinatlı maşın və avadanlıqların alınması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradılması olub. Eyni zamanda, Bakı şəhərinin ətraf ərazilərində və onun kəndlərində qrunt sularının səviyyəsinin qalxması ilə bağlı tədbirlərin görülməsi, ekoloji və sanitar durumun yaxşılaşdırılması, habelə 2012-ci ilin ötən dövrü ərzində ölkənin hərbi quruculuğu və təhlükəsizliyi sahəsində qəbul edilmiş Fərman və tapşırıqların icrası və dövlət büdcəsində əvvəlcə nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçün əlavə vəsaitin cəlb edilməsi tələb olunur. S.Şərifov həmçinin dövlət və icmal büdcələrin gəlir və xərclərində edilmiş dəyişikliklər, ayrı-ayrı tədbirlərin maliyyələşdirilməsi üçün konkret tələb olunan vəsaitin məbləği barədə ətraflı məlumat verib. S. Şərifov bildirib ki, büdcəyə ediləcək əlavə gəlirin 690 milyon manatın 350 milyonu  təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, 95 milyon manat Bakı şəhəri və ətraf kəndlərdə infrastrukturun yaxşılaşdırılmasına, 45 milyon manat hərbi quruculuğa yönəldiləcək. Onun sözlərinə görə, dəyişiklikdə sonra da dövlət büdcəsinin kəsiri 634 milyon manat təşkil edəcək: "Neftin qiymətinin artması ilə əlaqədar əlavə 500 milyon manat vəsait gözlənilir. Qeyri-neft sektorundan isə 100 milyon manat əlavə vəsait daxil olacaq". O nəzərə çatdırıb ki, bu il sovet dövründəki əmanətlərin qaytarılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 300 milyon manat götürülüb və bununla əlaqədar olaraq büdcəyə dəyişikliklər çərçivəsində Fonda 200 milyon manat əlavə olunacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31