Mehdiabad-Pirşağı avtomobil yolunun yenidən qurulması yekunlaşır
11 Sentyabr 2018 11:36 İqtisadiyyatAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində uzunluğu 107,8 km olan 13 avtomobil yolu layihəsinin icrası həyata keçirilir ki, artıq bu layihələrdən bir-neçəsində işlər yekunlaşıb və ya yekunlaşmaq üzrədir. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq icra edilərək yekunlaşdırılan bu cür layihələrdən biri 20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yoludur. 7.2 km uzunluğunda olan yol əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün asfalt-beton örtükdə qabarmalar və deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunmasına maneə yaradırdı. Avtomobil yolunun yenidən qurulması ilə sadalanan problem artıq öz həllini tapır. Yol boyu layihə əsasında tam yeni və müasir yol infrastrukturu yaradılır. Yenidənqurma işləri zamanı bütün hərəkət iştirakçıları nəzərə alınmaqla sürətlə və yüksək keyfiyyətlə işlər aparılır. Belə ki, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə mövcud eni 7 metr olan yolun hərəkət hissəsinin imkan daxilində 8-9 metrə qədər genişləndirilməsi işləri aparılıb, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün isə yolun yaşayış məntəqələrindən keçən hissələrində ərazilərdən asılı olaraq müxtəlif enlərə malik 16.5 min kv.m sahədə yeni piyada səkiləri tikilib, kənarlarına 11 min paqon-metrdən çox yeni səki daşı düzülüb.