Paytaxtın daha iki küçəsi təmir edilir
4 Sentyabr 2018 16:57 İqtisadiyyatYasamal rayonunda bu çərçivədə yenidən qurulan Əsəd Əhmədov küçəsindən sonra Məhəmməd Xiyabani və "A Keçidi" küçələrinin də əsaslı şəkildə aparılan təmiri işləri yekunlaşmaq üzrədir.
"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda Məhəmməd Xiyabani küçəsinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən "A Keçidi" küçəsi ilə kəsişməsinədək olan 550 metrlik hissəsi və "A Keçidi" küçəsinin Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri arasında yerləşən 400 metrlik hissəsi təmir edilir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı 6 min kv.m sahədə frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 22 min kub.m həcmdə qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş ərazilərə isə 30 min kub.m-dən çox yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Tikinti norma və qaydalarına uyğun olaraq, 8 yerdə yolun altından 74 metr uzunluğunda 250 mm-lik ehtiyyat borular atılıb, səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurulur. Asfaltlanma işləri bitən kimi küçələr boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə 90 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkiləcək.