Google 2012-ci ildə ABŞ-ın dövlət orqanlarında lobbiçilik maraqlarına 16,54 milyon dollar xərcləyib
1 Fevral 2013 12:02 İqtisadiyyatDünyanın nəhəng internet-şirkəti Google 2012-ci ildə ABŞ-ın dövlət orqanlarında lobbiçilik maraqlarına 16,54 milyon dollar vəsait xərcləyib ki, bu da bir il əvvəldən 70 faiz və Facebook sosial şəbəkəsinin sərf etdiyindən 4 dəfə çoxdur. Bu barədə məlumatı Rabitə və İnformasiya Nazirliyinin saytı ABŞ senatının Lobbying Disclosure Act Database bazasında yer alan məlumatlara əsasən verib. Google-un ötən il satın aldığı Motorola Mobility şirkətinin analoji xərcləri nəzərə alınmaqla lobbiçilik üçün çəkilən xərclərin ümumi məbləği 18,2 milyon dollar qiymətləndirilir. Bu isə 2011-ci illə müqayisədə 88 faiz çoxdur. Google-un öz maraqlarını yürütməsi ilə bağlı məsələlər sırasına onlayn-reklam bazarının tənzimlənməsi, məlumatların məxfiliyi və reklamda rəqabət, patent hüquqları, informasiyanın mühafizəsi daxildir. Ümumilikdə 2012-ci ildə ABŞ şirkətlərinin lobbiçilik üçün xərcləri 1,5 faiz azalaraq 3,28 milyard dollar təşkil edib. ("OLAYLAR"İA)