Lerikdə 28 məntəqəni birləşdirən yol yenidən qurulur
16 Avqust 2018 13:22 İqtisadiyyatLerik rayonunun Piran - Hamarat - Vjaker avtomobil yolunun təmiri yekunlaşmaq üzrədir. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Dövlət Agentliyi tərəfindən yolun 20 km-lik hissəsi 4-cü texniki dərəcəyə uyğun olaraq asfalt-beton örtüklü, qalan 6 km-lik hissəsi isə 5-ci texniki dərəcəyə uyğun çınqıl örtüklə yenidən qurularaq yekunlaşdırılır. Bunun üçün yolun mövcud torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılırb yatağın genişləndirilməsi üçün dağ yamacları xüsusi mexanizmlə kəsilib. Ardınca qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək kipləşdirilib. Bu işlərin həcmi 350 min kub.m-dən artıqdır.
Texnoloji ardıcıllığa uyğun olaraq bunun ardınca yol əsasının tikintisi işləri aparılıb. Yol əsasının alt layının tikintisi 20 sm hündürlükdə qum-çınqıl, üst layının tikintisi isə 16 sm hündürlükdə optimal qum-çınqıl qarışığı ilə aparılıb. Yol əsasının tikintisi 178 min kv.m sahəni əhatə edib.
Yerli əhəmiyyətli Piran - Hamarat - Vjaker avtomobil yolu respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolundan ayrılır və 9 min nəfər əhalinin yaşadığı 28 məntəqəni birləşdirir. Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi və qonşu rayonlarla nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə turizmin və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.