35 min nəfərin gediş-gəlişini asanlaşdıracaq yol təmir olunur
Ucar rayonunda 35 mindən artıq əhalinin ürəyincə olan kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri sonuncu mərhələdədir.
14 Avqust 2018 14:30 İqtisadiyyatUcar rayonunda 35 mindən artıq əhalinin ürəyincə olan kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri sonuncu mərhələdədir.
"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən yolun hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulması yekunlaşmaq üzrədir.
Tikinti layihəsinə uyğun olaraq, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yol boyu yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bunun ardınca normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılıb. Bu işlər 310 min kv.m sahəni əhatə edir. Tikinti norma və standartlarına uyğun olaraq torpaq işləri bitəndən sonra yolun 190 min kv.m sahəsinə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.
Qeyd edək ki, 31 km uzunluğa malik Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolu 5 yaşayış məntəqəsinin 36 minə yaxın əhalisini Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şarait yaradacaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez və xarab olmadan daşınmasının həcmi artacaq.