Tərtərdə 6 kəndi birləşdirən yeni avtomobil yolunun inşa edilir
8 Avqust 2018 16:41 İqtisadiyyatTərtər rayonunda 21.5 km uzunluğunda inşa edilən yeni avtomobil yolunda işlər artıq tamamlanır. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Tərtər rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.
Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti layihəsinə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün 0.8-1 metr hündürlükdə yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb. Bu işlərə paralel olaraq çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülüb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihə əsasında yol boyu 8 ədəd avtobus dayanacağının, 142 ədəd yol nişanının, 22 ədəd km göstəricinin və 840 ədəd siqnal dirəyinin quraşdırılması nəzərdə tutulub. Bundan başqa hərəkətin normal təşkili üçün 54.5 km uzunluğunda üfüqi nişanlama xətlərinin çəkilişi də aparılaraq sözügedən yolun yaxın aylarda istismara verilməsi planlaşdırılır.