Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı treninqlər keçirilir
30 Yanvar 2013 19:15 İqtisadiyyatVergilər Məcəllənin yeni müddəalarının tətbiqi, vergilərin düzgün hesablanması ilə bağlı yarana biləcək sualların cavablandırılması, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsi işlərində köməklik göstərilməsi məqsədilə Vergilər Nazirliyinin müvafiq struktur bölmələrində treninqlərə başlanıb.Bu barədə nazirliyin Analitik İnformasiya Şöbəsindən "Olaylar"a verilən məlumata görə, bu günə qədər Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti, Vergi Cinayətlərinin İbtidai Araşdırılması və Vergi Auditi Departamentlərinin, bir sıra Ərazi Vergilər İdarələrinin əməkdaşları üçün müvafiq treninqlər keçirilib və yaxın gələcəkdə bütün yerli vergi orqanlarında analoji treninqlərin keçirilməsi nəzərdə tutulur. Treninqləri Vergilər Nazirliyinin müvafiq struktur bölmələrinin vəzifəli şəxsləri aparır. Treninqlərdə Vergi Məcəlləsindəki dəyişikliklər və onların aktuallığı, Məcəlləyə edilən hər bir dəyişikliyin praktiki fəaliyyətdə tətbiqi izah edilir, vergi qanunvericiliyinin tam və dəqiq tətbiq olunması ilə bağlı məsələlərə xüsusi diqqət yetirilir. Paralel olaraq vergi ödəyiciləri ilə də müvafiq maarifləndirmə və izahat işləri aparılır. Xatırladaq ki, 2013-cü ilin 1 yanvar tarixindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minib.