Ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi davam etdirilir
2 Avqust 2018 11:18 İqtisadiyyatAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.
"OLAYLAR" Agentliyə istinadən xəər verir ki, sözügedən yol Böyük Şor gölünün üzərindən inşa edilir. Belə ki, 2.7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədi ilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Layihə çərçivəsində yeni yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hər bir zolağın eni 3.75 metr olmaqla hərəkət hissəsinin eni 15 metr təşkil edəcək. Yol üzərində 2 tunelin inşası da nəzərdə tutulub.
İnşaat işləri bir-neçə hissə üzrə icra olunur. Bu əsas yolun, tunellərin və qovşaqların tikintisidir.
Hazırda əsas yolun tikintisi üçün sözügedən ərazidə torpaq işləri bitmək üzrədir, yararsız qrunt təqribən 160 min kub.m həcmdə qazılaraq çıxarılıb. Bundan başqa yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr yararlı qrunt materialı ilə qaldırılıb, hündür hissələr isə qazılaraq aşağı salınıb, tökülmüş torpaq lay-lay kipləşdirilib və 23.5 metr enində, təqribən 58 min kub.m həcmdə yeni yol yatağının tikintisi işləri aparılıb.
Yeni avtomobil yolunun əvvəlində və sonunda 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət tunellərin inşası da aparılır. Tunellərin uzunluqları müvafiq olaraq 416.4 metr (qapalı hissə 67.4 m) və 299 metr (qapalı hissə 22.5 m) təşkil edir. Tunellərin hərəkət hissəsinin eni isə 29.5 m-dir. Tinellərin qapalı hissəsinin konstruksiyası düzbucaqlı qutu tiplidir. Bura döşəmə, divar və örtüyün konstruksiyası daxildir.