Qaxda 13 yaşayış məntəqəsini birləşdirən yol təmir edilir
1 Avqust 2018 12:13 İqtisadiyyatQax rayonunda uzunluğu 31 km olan 5 istiqamət üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, bu yollar üzərində uzunluğu 13.5 km olan və yaşayış məntəqələrinə qədər uzanan 9 giriş yollar da yerləşir.
Söhbət M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və 44.5 km uzunluğa malik və Qax-Qıpçaq-Ağyazı marşrutu üzrə uzanan yerli əhəmiyyətli avtomobil yollarından gedir.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilib. Yolun normativ eninin alınması üçün zəruri yerlərdə qaya tipli süxurların mexanizmlə kəsilməsi, dağ yamacı hissəsində çay daşından 2.2 km uzunluğunda istinad divarının inşası, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız yol örtüyünün, əsasın və torpaq yatağının qazılaraq, çıxarılması və çınqıl materialı ilə əks-dolğu işləri aparılaraq yolun genişləndirilməsi ilə yeni yol yatağının və əsasının inşası işləri aparılıb.
Layihə çərçivəsində mövcud suötürücü borular istismara yaramadığı üçün yol boyu 48 yerdə uzunluğu 461 paqon-metr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması işləri də aparılıb.
Qeyd edək ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə 4.5 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsi arasında həm yük və sərnişin daşımasını xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə yaxın-uzaq bazarlara daşınmasına imkan yaranacaq, həm bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərəcək və kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək.