Sürücülərə alternativ yollar təklif edildi

Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində  asfalt örtüyünün yenilənməsi və üfiqi nişanlanma xətlərinin çəkilişi işlərinin tam olaraq 18-20 saat ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bu üzdən həmin hissədə iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, hərəkət istiqaməti  Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.

Ancaq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq digər alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Agentlik bunun üçün sürücülərə alternativ yollar təqdim edir:

1.    Sumqayıt şəhəri, Saray və Masazır qəsəbələrindən:

-       Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən,

-       Binəqədi şossesindən,

-       Novxanı-Pirşağı marşrutu üzrə Kürdəxanı-Zabrat, Kürdəxanı-Maştağa-Buzovna və Bilgəh-Buzovna yolları vasitəsi ilə Heydər Əliyev prospektindən şəhərə daxil olmaq mümkündür.

2.    H.Z.Tağıyev-Sahil avtomobil yolundan:

-       Ələt-Bibiheybət və Ələt-Lökbatan dairəsi-Bakı-Dairəvi-1 yolu,

-       Şamaxı yolu-Sulutəpə dairəsi-Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 marşrutu ilə şəhərə daxil olmaq mümkündür.

3.    Bakı-Sumqayıt yolundan:

-       Xırdalan dairəsi-Binəqədi qəsəbəsi marşrutu üzrə Binəqədi şossesindən, həmçinin Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən,

-       Ekologiya postu - 4-cü qapı küçəsi (Biləcəri-Binəqədi yolu) vasitəsi ilə Binəqədi şossesindən, həmçinin 4 -cü qapı küçəsi-Biləcəri qəsəbəsindən,

-       Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 yollarından,

-       Avtovağzal-Biləcəri qəsəbəsi marşrutu ilə şəhərə daxil olmaq mümkündür.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31