Neft hasilatı 3,6 faiz artıb
27 İyul 2018 13:16 İqtisadiyyatCari ilin ikinci rübündə SOCAR üzrə neft hasilatı birinci rüblə müqayisədə 3,6 faiz artaraq 1,9 milyon tona yüksəlib, qaz hasilatı isə 5,29 faiz artaraq 1,66 mlrd. kub metrə çatıb.
"OLAYLAR" SOCAR-a istinadən xəbər verir ki, 6 ay ərzində SOCAR üzrə 3,7 milyon ton neft 3,2 mlrd. kub metr qaz hasil olunub. Ölkə üzrə 2018-ci ilin altı ayı ərzində ümumilikdə 19,38 mln. ton neft, 14,36 mlrd. kub metr qaz hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2% , qaz hasilatında isə 3,1% artım təşkil edib.
SOCAR üzrə hasilatın stabilləşməsi və artırılması strateji əhəmiyyətli yataqlarda həyata keçirilən kompleks tədbirlər planı ilə bağlıdır. Bu istiqamətdə qazma işlərinin artırılması da mühüm yer tutur. 2018-ci ilin yanvar-iyun aylarında 80 min metrə yaxın quyu qazılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% daha çoxdur. Qazma işlərinin 39 min metrdən artığı 2018-ci ilin II rübünün (aprel-may-iyun) payına düşür.
Bildirilib ki, 2018-ci ilin ikinci rübündə xam neftin və neft məhsullarının ixracında həmçinin əhəmiyyətli artım müşahidə olunub. Ötən ilin müvafiq dövrünə nisbətən xam neftin ixracı 18% artaraq 6,1 milyon tona yüksəlib. Cari ilin iyun ayında xam neftin ixracı bir il əvvəlki dövrün müvafiq göstəricilərini 24% geridə qoyaraq 2,1 milyon tona qədər artıb.