"BakuBus" jurnalistləri mükafatlandırdı
20 İyul 2018 17:03 İqtisadiyyatİyulun 20-də "BakuBus" MMC-də Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə şirkətin mətbuat xidmətinin rəhbəri Qabil Babayev çıxış edərək deyib ki, təmsil etdiyi qurumda Milli Mətbuat Gününün qeyd edilməsi artıq ənənə halını alıb.
Daha sonra çıxış edən "BakuBus" MMC-nin sədr müavini Azər Qasımov Milli Mətbuatın tarixindən söz açıb. Bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan Milli Mətbuatımız ötən illər ərzində çox şərəfli bir yol keçib. Azər Qasımov deyib ki, Azərbaycan mətbuatı ümummilli lider Heydər Əliyev tərəfindən hər zaman xüsusi diqqət və qayğı ilə əhatələnib. O, bildirib ki, hazırda da bu diqqət və qayğı cənab Prezident İlham Əliyev tərəfindən davam edir. 2014-cü ilin aprel ayından fəaliyyətə başlayan şirkətin ötən illərdə xeyli işlər gördüyünü deyən Azər Qasımov bəzi nöqsan və çatışmamazlıqların olduğunu da etiraf edib. Bildirib ki, nöqsansız, çatışmamazlıq iş olmur. Həmin nöqsan və çatışmamazlıqlar isə tədricən aradan qaldırılır. Azər Qasımov deyib ki, çatışmamazlıqların aradan qaldırılmasında mətbuatın sağlam tənqidi də onlara kömək olur. Şirkət rəsmisi fəaliyyətində nöqsanlara yol verən sürücülərin cəzalandırıldığını da deyib. Bildirib ki, 2017-ci ildə 154 sürücü fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən azad edilib. 2018-ci ilin birinci yarısında isə 85 sürücü işdən azad olunub. Bundan başqa 200-300 arası sürücüyə xəbərdarlıq edilib. Azər Qasımov sürücülərin təcrübəsinin artırılması istiqamətində müntəzəm olaraq iş aparıldığını deyib. Şirkətin daxili nəzarət şöbəsinin müdiri Camal Kərimov da rəhbərlik etdiyi şöbənin gördüyü işlər barədə jurnalistləri məlumatlandırıb. Çıxışlardan sonra bir sıra media nümayəndələri "BakuBus" MMC tərəfindən mükafatlandırılıb.
Süleyman