Cəlilabadda 5 istiqamət üzrə yollarının yenidən qurulurlması davam edir

Cəlilabad rayonunda 5 istiqamət üzrə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yüksək sürətlə və keyfiyyətlə davam etdirilir.

"OLAYLAR" xəbər verir ki, söhbət ümumi uzunluğu 35 km olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yollarından və Kazımabad kəndinin giriş yolundan gedir.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 42 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

Tikinti layihəsinə uyğun olaraq yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq 155 min kv.m sahədə çiyin hissələrin xüsusi materialla bərkidilməsi, 66 500 paqon-metr uzunluğunda küvet hissələrin avtoqreyderlə açılması da görülür.

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu 288 paqon-metr 500 mm, 118 paqon-metr 1000 mm diametrli dəmir-beton borular quraşdırılır. Bundan başqa yol boyu istismara yararsız körpü məhəccərləri də yeniləri ilə əvəz olunur. Tikinti işlərinin isə tam olaraq payız aylarda yekunlaşdırlması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31