Azərenerji” ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru
22 İyun 2018 11:04 İqtisadiyyatBu gün inkişaf etmiş dövlətlərin qarşısında duran ən vacib məslələrdən biri ölkələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. Təəssüf ki, bir sıra enerji resurslarına malik ölkələrin əksəriyyəti buna tam hazır deyil. Azərbaycan isə nəinki öz ölkəsini enerji ilə təmin edir, hətta dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu məsələdə elektrik enerjisinin istehsalı və istehlakçıya çatdırılması xüsusi önəm daşıyır. Azərbaycanda elektrikin tarixinə ekskursiya edərkən diqqətimizi ilk növbədə çəkən məqam XIX-əsrin sonlarından etibarən Bakının neft sənayesinə olan maraq, bu sahədə çalışmağa başlayan xarici şirkətlərin fəaliyyətidir. Əsrin əvvəllərində Nobel qardaşlarının, "Simens" firmasının neft sənayesinə olan maraqları, həmçinin elektrik təsərrüfatının formalaşmasına və inkişafına təkan vermiş oldu. 1920-ci ildən sonrakı dövrdə də SSRİ məkanında olan elmi-texniki inkişaf fonunda bu sahədə bir çox işlər görülüb. Lakin görülmüş işlərin dönüş mərhələsi, iritutumlu yarımstansiyaların, ötürücü xətlərin, istehsal obyektlərinin tikintisi ötən əsrin 70-ci illərindən etibarən geniş vüsət alıb. Həmin dövrdə görülən bu işlərin təşəbbüskarı respublikaya yeni rəhbər təyin edilmiş Heydər Əliyev idi. Hakimiyyətə ikinci qayıdışından sonra ümumilli liderimiz H.Əliyev 70-80 illərdə energetika cahəsində gördüyü işlər haqda belə demişdir: "Hər dəfə elektrik stansiyası tikilməsi haqqında (SSRİ rəhbərliyi qarşısında - red) məsələ qoyarkən mənə deyirdilər ki, sənə nəyə lazımdır. Bizdə-SSRİ-də vahid elektrik enerjisi sistemi var... bütün SSRİ-ni əhatə edən sistem var. Azərbaycana nə qədər elektrik enerjisi istəyirsinizsə verək. Mən deyirdim ki, yox istəyirəm bizim özümüzünkü olsun. Niyə özümüzünkü olsun? Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin elektrik stansiyalarında elektrik enerjisi istehsal edir". Ümummili liderimiz H.Əliyev istər 70-80-ci illərdə, istərsə də 1993-ildə hakimiyyətə qayıdışından sonra ölkənin energetika sahəsinə, o cümlədən Bakı şəhərinin elektrik təchizatı işinə xüsusi diqqət və qayğı göstərmişdir. Məhz onun təşəbbüsü və şəxsi nəzarəti ilə 20 oktyabr 2000-ci ildə 1 nömrəli Bakı-İstilik Mərkəzinin birinci növbəsi istifadəyə verilib. Açılış mərasimindəki çıxışı zaman ümumilli lider bildirib: "Bizim bu günkü toplantımız və bu nəhəng istilik-elektrik mərkəzinin açılışı tarixi bir hadisədir. Burada həmin bu yerdə əsrin əvvəlində - 1902-ci ildə bax, orada gördüyünüz, artıq köhnəlmiş, çürümüş, qaralmış istilik elektrik mərkəzi tikilmişdir. Təbiidir ki, o zaman üçün bu böyük hadisə idi. O vaxt Azərbaycanda Neft sənayesi xarici şirkətlərin iştirakı ilə güclü inkişaf edirdi, Neftayırma zavodları yaranmışdı, burada həm elektrik enerjisinə, həm də buxara ehtiyac var idi. Təbiidir ki, o vaxta görə onun, həmin stansiyanın öz dəyəri vardı. Ancaq o vaxtdan 100 il keçibdir. Ona görə də mən deyirəm ki, bu bizim həyatımızda tarixi hadisədir. 100 ildən sonra biz belə bir yeni elektrik stansiyası yaratdıq. Demək XXI əsrə biz bax, belə gözəl, müasir texnologiyalı müəssisələrlə gedirik. Onlardan biri də budur."
Elektroenergetika sahəsinin inkişafına dövlət qayğısı
Təsadüfi deyil ki, ümumilli lideri Heydər Əliyevin 20 oktyabr 2000-ci ildə 1 nömrəli Bakı İstilik Mərkəzinin birinci növbəsini açdığı gün, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 13 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə "Energetiklər günü" peşə bayramı kimi təsis edildi. Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə iqtisadiyatının bütün sahələrində olduğu kimi elektroenergetika sahəsinə, eləcə də paytaxtan elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərməkdədir. Birmənalı şəkildə demək olar ki, əsas fəaliyyət sahəsi enerji istehsalı, enerjinin ötürülməsi və enerjisisteminin idarə olunmasından ibarət olan "Azərenerji" ASC hansı statusda olmasından asılı olmayaraq öz missiyasını-istehlakçıları dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin etməyi şərəflə yerinə yetirib, öz iş ənənəsini, öz simasını qoruyub saxlayıb. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən təsis edilmiş "Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır.
"Azərenerji" ASC-nin bu günkü missiyası məhz qurumun keçmiş adını özünə qaytarmaq və Azərbaycanda gedən sosial-iqtisadi quruculuq prosesinə öz töhfəsini verməkdir. Qurumun əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, regionun elektrik şəbəkəsini dünya standartlarına uyğun yenidən qurmaqdır. Bu prinsipləri əldə rəhbər tutaraq, "Azərenerji" ASC genişmiqyaslı yenidənqurma və təmir işlərini davam etdirməkdədir. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha güclü və keyfiyyətliləri ilə əvəz olunur. Yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdırılır və kabel xətləri çəkilir. Bütün bunlar inkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rahatliğı üçün həyata keçirilir. 424 MVt gücündə olan Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi dediklərimiz bir daha sübut etmiş olur.
Azərbaycanın regionlarının elektrik təsərrüfatında da silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir. Bu tədbirlər, ilk növbədə, elektrik enerjisinə tələbatın ödənilməsinə, rayonların elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Hazırda respublikamızın bölgələrindəki energetika qurğuları həm müasir görünüşü, həm də texniki üstünlükləri ilə əvvəlkilərdən qat-qat üstündür. Bütün bu yeniliklər regionların sosial-iqtisadi inkişafına əsaslı töhfələrdir. Aparılan yenidənqurma tədbirləri elektrik enerjisinə durmadan artan tələbatın ödənilməsində də mühüm rol oynayır. Paylayıcı şəbəkələrin müasirləşdirilməsi gündən-günə sürətlənir və daha geniş ərazini əhatə edir. Ötən əsrin 60-cı illərindən istismarda olan və tamamilə yararsız vəziyyətə düşən elektrik təsərrüfatında hazırda, sözün həqiqi mənasında, inqilabi dəyişikliklər aparılır. Yeni qurğular təkcə rayon mərkəzləri və iri yaşayış məntəqələrinin deyil, eləcə də ətraf kəndlərin elektrik enerjisi ilə etibarlı təchizatında böyük rol oynayır.
Onillikləri əhatə edən fəaliyyət planı
Hesablamalara görə, 2015-ci ildən 2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisinə olan tələbat 7 min meqavatdan 10 min MVt-a qədər artacaq. Regionların elektrik enerjisinə olan tələbatın ödənilməsi və perspektivdə (2020-ci ilə qədər) yaranacaq elektrik yüklərinin qarşılanması üçün mövcud paylayıcı elektrik şəbəkələrinin təmirini və bərpasını, yeni elektrik verilişi xətlərinin çəkilişini aktuallaşdırıb. Məhz bu kimi amillər nəzərə alınaraq "Azərenerji" ASC tərəfindən regionlardakı elektrik şəbəkələrinin mövcud vəziyyətinin hərtərəfli təhlili aparılıb. Nəticədə ölkənin sosial-iqtisadi inkişafı strategiyasına və müxtəlif vaxtlarda qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq, istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün "İnkişaf və Yenidənqurma Proqramı" hazırlanıb. Dövlət proqramının icrası məqsədilə işlənmiş tədbirlər planı regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə hesablanıb. Hazırda ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış transformatorların yenilənməsi-müasir tipli avadanlıqla təchiz edilməsi prosesi gedir. Eyni zamanda, qarşıdakı on illər üçün elektrik enerjisinə olan tələbatın proqnozu çıxarılıb və artan dinamika müəyyənləşdirilib. Sirr deyil ki, indi hər bir rayonda, şəhərdə, qəsəbədə və kənddə elektrik enerjisinin təminatı ilə bağlı yenidənqurma işləri aparılır. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, müasir tipli yarımstansiyalar quraşdırılır. Heç şübhəsiz ki, görülən işlər regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə gətirib çıxaracaq. Üstəlik Azərbaycan xarici ölkələrə elektrik enerjisi idxalının artırılmasını nəzərdə tutur. Təsadüfi deyil ki, prezident İlham Əliyev bəyan edib ki, infrastruktur layihələri ilə bağlı bizim planlarımız çox böyükdür: ""Şimal-2" elektrik stansiyasının tikintisi başa çatmalıdır. Bu, bizə təxminən 400 meqavata yaxın əlavə elektrik enerjisi verəcək. Biz indi elektrik enerjisini qonşu ölkələrə ixrac edirik. Bizdə çox gözəl ixrac potensialı yaradılıbdır. Ölkə daxilində bütün tələbat tam təmin edilir. Ancaq baxmalıyıq ki, bundan sonra bizə ümumiyyətlə nə qədər generasiya gücləri lazımdır. Ölkəmizin inkişafını, əhalinin artımını, sənayeləşmə prosesini nəzərə almalıyıq. Yəni, böyük inkişafı nəzərə alaraq baxmalıyıq ki, beş ildən, on ildən sonra bizə daxili istehlak üçün nə qədər elektrik enerjisi lazım olacaq. Bununla paralel olaraq, biz xarici bazarları təhlil etməliyik ki, beş ildən, on ildən sonra xarici bazarlara nə qədər enerji ixrac edəcəyik. Buna görə də addımlarımızı atmalıyıq ki, yeni stansiyalar tikilməlidir, yoxsa biz mövcud olan stansiyalarla kifayətlənməliyik? Biz mütləq alternativ enerji mənbələri yaratmalıyıq - külək, günəş, su elektrik stansiyaları tikməliyik".
Etiraf edilməlidir ki, son illər Azərbaycanda energetika sahəsində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticəsini verməkdədir. Energetika sahəsinin inkişafı ilə bağlı görülən işlər arasında müxtəlif gücə malik yeni elektrik stansiyalarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasını göstərmək olar. Bu sahədə aparılan islahatlar nəticəsində elektrik stansiyaları həm texniki, həm də görünüş baxımından müasirləşir, onların gücü artırılır. Son 15 ildə ölkədə 30 yeni elektrik stansiyası tikilərək istismara verilib, mövcud generasiya müəssisələri yenidən qurularaq modernləşdirilib. Elektrik enerjisinin istehsal potensialı ölkədaxili tələbatı tam ödəməklə yanaşı, ixrac imkanı da yaradıb.
Alim Hüseynli
Yazı "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb