TANAP-Türkiyə-Azərbaycan qardaşlığının təzahürü
13 İyun 2018 12:23 İqtisadiyyatVə enerji təhlükəsizliyinə verilən böyük töhfə
Azərbaycan daha bir qlobal əhəmiyyətli enerji layihəsinin iştirakçısı kimi dünyanın diqqət mərkəzindədir. Söhbət Trans Anadolu Təbii Qaz Böru Kəmərindən (TANAP) gedir. Uzun müddətdir ki, iş gedən kəmərin ötən gün Faza-0 hissəsinin rəsmi açılış mərasimi keçirilib. Xəbərlərdən də aydın olduğu kimi Türkiyənin Eskişehirin Seyidqazi rayonunda Azərbaycan qazının Türkiyəyə və oradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçirilib. Kəmərəin rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukraynanın dövlət başçısı Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, eləcə də digər rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak ediblər. Mərasimdə SOCAR prezidenti və TANAP İdarə Heyətinin sədri Rövnəq Abdullayev çıxış edərək TANAP-ın Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayıb: "Türkiyəyə və qardaş ölkənin iqtisadiyyatına həmişə etibar etmişik. Bu gün açılışını həyata keçirdiyimiz TANAP bu güvənin arxasında dayanan dostluq vəəməkdaşlığımızın mühüm bir təzahürü kimi fəaliyyətə başlayır. Əminəm ki, TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək və hər iki ölkənin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Azərbaycan qazının birbaşa Avropa bazarlarına nəqli Türkiyənin geostrateji mövqeyini gücləndirəcək və ölkəni mühüm enerji mərkəzinə çevirəcək. Bu münasibətlə Türkiyə və Azərbaycan rəsmilərinə, layihənin inşasında səylə çalışan bütün əməkdaşlarımıza xüsusi təşəkkürümü bildirirəm".
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib ki, Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) qardaşlığa sərmayədir: "TANAP fəal enerji siyasətlərinin əksidir. Bu layihə maddi və xüsusilə mənəvi baxımdan dəyərlidir, 100 ilin layihəsidir. Bu həm də qardaşlığa sərmayədir. İki dövlət, bir millət deyimi sərhədləri aşır. TANAP iki ölkənin gələcəyə buraxacağı ən böyük mirasdır. TANAP enerji təhlükəsizliyinə böyük töhfə verəcək".
Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: "TANAP Türkiyə-Azərbaycan qardaşlığının növbəti zəfəridir. Əgər bu qardaşlıq olmasaydı, layihə kağız üzərində qala bilərdi. Bu layihə tarixi layihədir. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bölgəmizə sabitlik gətirir, xalqlara fayda verir. Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) enerji məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. TANAP nəhəng Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. İki həftə öncə Cənub Qaz Dəhlizinin açılışı həyata keçirilib. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir: "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP. Dörd layihənin 3-u yekunlaşıb. TAP-ın icra faizi 72%-dir. İnanıram ki, TAP da iki ilə yekunlaşacaq. Beləliklə, Avropanın ən böyük infrastruktur layihəsi icra olunmuş olacaq. Bu tarixi nailiyyət imkan verəcək ki, Azərbaycan qazı qısa yolla, təhlükəsiz yolla Avropaya çatdırılsın".
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı isə çıxışında bildirib ki, TANAP Türkiyəyə və region ölkələrinə mühüm imkanlar bəxş edən, güc və potensialı yüksək bir layihədir: "Bu gözəl hadisənin Türkiyə və Azərbaycana və bütün insanlığa xeyirli olmasını arzulayıram. Türkiyənin coğrafi mövqeyi onu Şərqin zəngin ehtiyatlarını nəql edən ideal bir enerji mərkəzi halına gətirib. Bu məkan bəşəriyyətə xidmət edən bir əməkdaşlıq xəttinə çevrilib".
Serbiya Prezidenti Aleksandr Vuçiç vurğulayıb ki, TANAP mühüm layihədir: "Bu qaz boru kəmərini istifadəyə verməklə, ilk nöbbədə, Cənub-şərqi Avropada çox mühüm bir addım atmış oluruq. Eyni zamanda bu layihə Avropanın bu hissəsinin enerji təhlükəsizliyini təminat altına alır. Bütün bunlar bizim əməkdaşlığımızı dəstəkləyəcək. Serbiya bu cür layihələrə qoşulmağa böyük istək duyan bir ölkədir. TANAP regionun bütün ölkələrinin iqtisadiyyatına çox böyük töhfə verəcək".
Ukrayna Prezidenti Petro Poroşenko bildirib ki, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin işə düşməsi Azərbaycan, Türkiyə, Avropa İttifaqı ölkələri və Ukrayna üçün vacib bir məqamdır: "Cənub Qaz Dəhlizinin vacib bir hissəsi olan bu layihə iki böyük liderin - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin səylərini birləşdirməsi hesabına həyata keçirilib və bununla da Avropa İttifaqının enerji təhlükəsizliyi təmin olunub. Bu, Ukraynanın enerji daşıyıcılarının şaxələndirilməsi üçün də önəmlidir. Ukrayna bu layihəyə tam dəstək verir. Ölkəmiz bu layihədən yararlanmaq üçün addımlar atacaq".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında deyib ki, bu gün bölgə və ölkə üçün tarixi bir addım atılır: "Enerji İpək Yolu" kimi tanınan layihənin açılışını edirik. Bu layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan, eləcə də şirkətlər arasında mövcud olan möhkəm əlaqələr, etibar sayəsində mümkün olub: "Bu nəhəng layihənin planlaşdırılan tarixdən öncə həyata keçirilməsində əməyi keçənləri təbrik edirəm. Prezident İlham Əliyevə göstərdiyi liderliyə görə təşəkkür edirəm".
TANAP layihəsi həqiqətən də Türkiyə prezidentinin qeyd etdiyi kimi bölgə və həmin layihədə iştirak edən ölkələr üçün əhəmiyyətli bir layihədir. Təsadüfi deyil ki, əksəriyyət ekspertlər TANAP-I məhz belə xarakterizə edirlər.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu layihənin əhəmiyyətini qeyd etməklə yanaşı, Əskişəhirdə keçirilən açılış mərasimi zamanı bəzi məqamların da diqqət çəkdiyini söyləyib. O, bildirib ki, Türkiyənin Əskişəhərində TANAP-ın açılışında iki müəamma diqqəti çəkib. Onun sözlərinəı görə, açılış mərasimində qonaq qismində İlham Əliyevlə yanaşı Serbiya və Ukrayna prezidentlərinin iştirakı da anlaşılan idi: "Hər iki dövlət gələcəkdə TANAP-la nəql ediləcək Azərbaycan qazını Cənubi Avropa ölkələri üzərindən alacaqlar. Bəs bu vacib mərasimdə Gürcüstan rəsmilərindən niyə bir kimsə iştirak etmirdi? Bunu anlamadım. Boru xətti Gürcüstandan da keçir. Gürcüstan rəsmiləri bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bütün boru və nəqliyyat xətlərinin açlışında iştirak ediblər. Əlbəttə, düşünülə bilər ki, Gürcüstan TANAP üzərindən daşınacaq qazdan almayacaq, ancaq bu layihə Gürcüstanın strateji önəmini artırır. Şübhə etmirəm ki, Gürcüstanın prezidenti Mixail Saakaşvili olsaydı mütləq açılış mərasimində iştirak edərdi". Politoloq deyib ki, açılış mərasimində diqqət çəkən ikinci bir məqam tədbirdə Şimali Kipr Türk Respublikasının da təmsil olunması olub: "TANAP-ın açılış mərasimində Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncı da iştirak edirdi. Məsələ burasındadır ki, TANAP Şimali Kiprdən keçməyəcək, əks halda bunun üçün Aralıq dənizinin dibi ilə boru xətti çəkilməli idi. Bu səbəbdən Şimali Kipr Türk Respublikası ANAP-dan daşınacaq qazı ala bilməyəcək. Buna baxmayaraq, Şimali Kipr lideri mərasimdə iştirak edirdi, hətta o mərasimdə çıxış edən ikinci dövlət başçısı oldu". Elxan Şahinoğlunun qənaətincə, Şimali Kipr Türk Respublikasının prezidentinin TANAP-ın açılış mərasimdəki iştirakı və çıxışı Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın təşəbbüsüdür və bu təşəbbüsü dəstəkləyir: "Çünki, Şimali Kipr Türk Respublikasında yaşayan insanlar Türkiyə ilə yanaşı Azərbaycan üçün də doğma insanlardır. Təsadüfi deyil ki, Azrəbaycan prezidentindən sonra çıxış edən Şimali Kipr lideri Mustafa Akıncı İlham Əliyevın sözlərinə belə bir əlavə də etdi: "Türkiyə ilə yanaşı biz də Sizinlə qardaşıq". Şimali Kipr üçün TANAP layihəsi yunan Kiprinin Aralıq dənizinin zənginliklərinə təkbaşına yiyələnməsinə maneə yaradır. Məsələn Şimali Kipr Türk Respublikası istəyir ki, İsrail kəşf etdiyi zəngin qaz resurslarını yunan Kipri üzərindən deyil TANAP üzərindən dünya bazarlarına daşısın. İsrail bu variantı nəzərdən keçirir. Ancaq bunun üçün Türkiyə ilə İsrail arasındakı gərginlik azalmalıdır. İlham Əliyev Türkiyə ilə İsraili barışdırmaq üçün tarixi şans əldə edə bilər. İsrailin öz qazını TANAP üzərindən daşıması bölgədə Azərbaycanla Türkiyənin əhəmiyyətini daha da artıracaq. Bu elə İsrailin də xeyrinədir. İsrail hipotetik boru xətləri haqqında düşünməkdənsə və ya Türkiyənin acığına yunan Kirpi ilə danışıqlar aparmaqdansa öz qazını hazır TANAP üzərindən Avropaya çatdıra bilər".
Elxan Şahinoğlu TANAP-ın açılış mərasimi zamanı Azərbaycan prezidentinin ukraynalı həmkarı ilə görüşünə də diqqət çəkib. Bildirib ki, həmin görüş də əhəmiyyətlidir: "Azərbaycan prezidenti İlham Əliyev Əskişəhərdə ukraynalı həmkarı Petro Poroşenko ilə görüşüb. Belə bir görüşün planlaşdırıldığını Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko həftələr öncə mənə söyləmişdi. Poroşenkonun TANAP açılışı münasibətilə Türkiyəyə gedib ikitərəfli görüşlər keçirməsinin bir neçə səbəbi var. Birincisi, Ukrayna TANAP layihəsinə maraq göstərir, Azərbaycan qazından yararlanmaq istəyir. Məsələn Ukrayna artıq Rusiyadan birbaşa qaz almır, Avropa üzərindən alır, Azərbaycan qazını da Avropa üzərindən almaq istəyir.
İkincisi, Ukrayna prezidenti Türkiyədə bu dövlətin və Azərbaycan prezidenti ilə görüşməklə üçlü - Türkiyə-Ukrayna-Azərbaycan ittifaqının yaradılmasına maraq göstəridiyini ortaya qoyur. Bu ideya son bir ildə geniş müzakirəyə səbəb olub. Bu ittifaqın təsisində Azərbaycan da maraqlıdır. Bu Azərbaycannın balanslaşdırılmış xarici siyasətinə də uyğudur, Moskvada elə bilməsinlər ki, Azərbaycan hər məsələdə şimala boylanmalıdır".
Süleyman