Avropa Komisiyası: Azərbaycan Avropa qaz bazarına çıxışı ilə qitənin enerji bazarına inteqrasiya olunacaq
1 İyun 2018 14:21 İqtisadiyyatEnergetika Nazirliyi və "AZPROMO"nun təşkilatçılığı ilə Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Öttüngerin rəhbərlik etdiyi nümayəndə heyəti və Almaniya iş adamlarının iştirakı ilə birgə "dəyirmi masa" keçirilib. Bazirlikdən "Olaylar"a bildirilib ki, tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində mövcud strateji əməkdaşlıq barədə məlumat verib. Nazir bildirib ki, Günter Öttingerin yüksək səviyyəli görüşlərlə zəngin səfər proqramı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə, bu məqsədlə yeni istiqamətlərin müəyyənləşdirilməsinə imkan yaradır. Nazir "Cənub Qaz Dəhlizi"nin açılışını, Avropa İttifaqını enerji təhlükəsizliyi kimi strateji məqsədinə yaxınlaşdıran tarixi hadisə kimi qiymətləndirib: "Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq inkişaf edir və Bakı bu inkişafı daha da sürətləndirmək istəyir. İki gün bundan əvvəl açılış mərasimi keçirilən "Cənub Qaz Dəhlizi" bu prosesdə xüsusi rol oynayacaq. Bu layihə Azərbaycan qazını Avropaya gətirəcək, enerji təhlükəsizliyinə və marşrutların şaxələndirilməsinə töhfə verməklə, Avropanın enerji xəritəsini dəyişəcəkdir."
"Cənub Qaz Dəhlizi"nin açılışını tarixi hadisə adlandıran Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger isə deyib ki, 2011-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması bir xülya olaraq görünürdü. Lakin bu gün biz Cənub Qaz Dəhlizinin reallığa çevrildiyini görürük. G.Ottinger bildirib ki, Azərbaycan Avropa qaz bazarına çıxışı ilə qitənin enerji bazarına inteqrasiya olunacaq: "Azərbaycan neft-qazla yanaşı, alternativ enerji mənbələrinə böyük investisiya qoyur. Bu yaxşı göstəricidir. Azərbaycan günəş, külək və hidroenerji mənbələri üçün əlverişli ölkədir. Ancaq bütün hallarda ölkəniz tərəfindən enerji səmərəliyini Kioto protokolu və Paris sazişinin qaydalarına uyğun yerinə yetirilməsi çox vacibdir. Azərbaycan və Avropa İttifaqı artıq 2030-cu il üçün yeni enerji proqramını hazırlamalıdırlar".