Azərbaycanın enerji diplomatiyası müsbət nəticələrini verməkdədir
“Cənub Qaz Dəhlizi” qitə dövlətləri üçün də böyük əhəmiyyətə malikdir Dünyanın potensial qaz ixracatçıları sırasında mövqeyini getdikcə möhkəmləndirən Azərbaycan Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir.
1 İyun 2018 14:04 İqtisadiyyat"Cənub Qaz Dəhlizi" qitə dövlətləri üçün də böyük əhəmiyyətə malikdir
Dünyanın potensial qaz ixracatçıları sırasında mövqeyini getdikcə möhkəmləndirən Azərbaycan Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir. Artıq uzun illərdir ki, beynəlxalq əməkdaşlıq məkanı kimi qəbul edilən Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi də diqqət çəkir. Elə bu günlərdə Azərbaycanın təbii qazını Avropaya çatdıracaq "Cənub Qaz Dəhlizinin" rəsmi açılış mərasimi baş tutdu. Xatırladaq ki, Azərbaycanın həyata keçirdiyi neft strategiyası ölkəmizin beynəlxalq nüfuzunun artmasına, mövcud neft ehtiyatlarının dünya bazarına çıxarılmasına imkan yaradıb. Bununla da, Azərbaycanın Avropa Birliyi ilə enerji sahəsində əməkdaşlığının bünövrəsi qoyulub. Sonrakı illərdə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının kəşfi bu əməkdaşlığın bir qədər də genişlənməsinə səbəb olub. Ötən on il ərzində "Şahdəniz" yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qazın Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın regionda əhəmiyyətini bir daha təsdiq edib. Heç şübhəsiz ki, "Cənub Qaz Dəhlizi" da öz növbəsində Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu xeyli artıracaq.
Enerji bazarında ən çox dəstəklənən, alternativ enerji mənbəyi sayılan "Cənub Qaz Dəhlizi" layihəsinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və inşası davam etdirilən TANAP və TAP qaz boru kəmərləri vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Etiraf edilməlidir ki, sözügedən qlobal layihələrin təşəbbüskarı olan Azərbaycanın enerji diplomatiyası müsbət nəticələrini verməkdədir. İlk növbədə 21-ci əsrin möcüsəi olan Cənub Qaz Dəhlizi Azərbaycan Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş arealda inkişafı üçün etibarlı zəmin yaradır. Bu isə Avropa İttifaqı ilə yanaşı, quruma üzv olan ölkələrlə Azərbaycanın əməkdaşlığının daha da inkişaf edəcəyinə əminlik yaradır.
"Cənub Qaz Dəhlizi" həmçinin Azərbaycan üçün bir çox mənfəətlərə sahib olmağa imkan yaradır. Belə ki, Azərbaycan öz resurslarını insan kapitalının inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadiyyatın şaxələndirilməsinə yönəldəcək. Azərbaycanın inkişaf etmiş sosial ölkəyə çevrilməsi bu layihədən əldə edilən gəlirlərin sosial layihələrin icrasına, eləcə də əhalinin rifah halının yüksəlməsinə yönəldəciyini şübhəsiz edir. O da faktdır ki, layihədə təmsil olunan ölkələr də onun faydasından dadmaq imkanı əldə edəcəklər. Məlum olduğu ki, sözügedən layihədə 7 dövlət, 11 şirkət təmsil olunur. "Cənub Qaz Dəhlizi"nin prespektivi deməyə əsas verir ki, layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət əldə edəcək, yeni iş yerləri yaradılacaq və insanların rifahının yüksəlməsinə müsbət təsir göstərəcək. Dünyanın enerji xəritəsini dəyişdirəcək layihənin qitə dövlətləri üçün də böyük əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, avropalı biznesmenlər prespektivsiz layihələrə maliyyə yönəltməkdə heç də maraqlı görünmürlər. Lakin Cənub Qaz Dəhlizinin prespektivi Avropanı özünə cəlb edə və hətta ərəfdaş olmağa sövq edə bildi. Yeri gəlmişkən qeyd edək ki, Avropa İnvestisiya Bankı (AİB) tərəfindən bu layihənin maliyyələşdirilməsinə ayrılan vəsait həmin bankın tarixində tək bir layihəyə ayrılan ən yüksək məbləğ olub.
Xatırladaq ki, "Cənub Qaz Dəhlizi"nin reallaşması Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələ, Cənubi Qafqazda davamlı sülhün qorunması üçün göstərilən səylərin davamıdır. Bəllidir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə bir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında bəyannamələri, yaxud sazişləri vardır. Bu da öz nəvbəsində həmin dövlətlərlə əməkdaşlıq prespektivlərinin artmasına şərait yaradır. Nəzərə almaq lazımdır ki, Əvvəlki enerji layihələrinə siyasi, mənəvi dəstək göstərən, "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsinə yardım edən ABŞ-ın layihənin reallaşmasındakı rolu və xidmətləri də çox əhəmiyyətlidir. Təsadüfi deyil ki, ABŞ Prezidenti D.Tramp bildirib: "Enerji sahəsində ABŞ-Azərbaycan əməkdaşlığı bu il ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlib".
Məlum olduğu kimi Avropanın enerji xəritəsini dəyişəcək "Cənub Qaz Dəhlizi"nin" qarşıdakı on illər ərzində hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək enerji layihəsidir. Azərbaycanın enerji diplomatiyasının növbəti uğuru olan TANAP, TAP layihələri "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi istiqamətində mühüm mərhələ kimi dünya enerji bazarında müzakirə olunan məsələ olaraq aktuallığını saxlayır. Bu isə o deməkdir ki, neft-qaz strategiyası Azərbaycanın iqtisadi müstəqilliyini şərtləndirən amillərdəndir. Azərbaycan qazına artan tələbatdan yaranan "Cənub Qaz Dəhlizi", TANAP, TAP kimi layihələr Prezident İlham Əliyevin qətiyyətinin ifadəsi, Azərbaycanın tranzit ölkəyə çevrilməsi siyasətinin bəhrəsidir. Bu layihələr imkan verəcək ki, Azərbaycan qaz potensialını Avropaya maksimum dərəcədə nəql etsin, investor kimi də mövqelərini möhkəmləndirsin, çoxşaxəli ixrac potensialını genişləndirsin. Sadalanan faktlar deməyə əsas verir ki, ölkələrin milli təhlükəsizlik məsələsi ilə eyni səviyyədə dəyərləndirilən enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanın təşəbbüsləri önəmlidir. Nəzərə almaq lazımdır ki, Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Ən önəmlisi isə odur ki, "Cənub Qaz Dəhlizi"ni tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycanın zəngin təbii sərvətləri və özünü doğruldan enerji diplomatiyası, birgə tərəfdaşlığa, regionda, qitədə əmin-amanlığın bərqərar olmasına çalışan siyasi hakimiyyəti mövcuddur. Özünün sülh tərəfdarı olduğunu əməli ilə sübut edən Azərbaycan hakimiyyətinin siyasi iradəsi "Cənub Qaz Dəhlizi"nin reallaşmasında bir daha özünü ifadə etmiş oldu.
Alim