Vergilər Nazirliyi illik hesabat verdi

Natiq Əmirov: “ Bu nazirlik ən çox sayda elektron xidmət göstərən dövlət orqanıdır”

Yanvarın 22-də Vergilər Nazirliyində 2012-ci ilin yekunları və 2013-cü ildə görüləcək işlərə, eləcə də Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə həsr olunmuş mətbuat konfransı keçirilib. 2012-ci ildə Vergilər Nazirliyinin fəaliyyətinin yekunları ilə bağlı məlumat verən nazirin 1-ci müavini Natiq Əmirovun sözlərinə görə, ölkəmizdə elektron hökumət çərçivəsində təqdim olunan elektron xidmətlər arasında Vergilər Nazirliyi ən çox sayda - 57 elektron xidmət göstərən dövlət orqanıdır.

Sonra Nazirliyin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri və mahiyyəti barədə ətraflı məlumat verib. İdarə rəisi vergi ödəyicilərinin hüquqlarının müdafiəsi istiqamətində Vergi Məcəlləsinə edilən əsas dəyişikliklər sırasında vergi partnyorluğu sazişinin bağlanması hüququnun verilməsi qeyd edib. Vergi ödəyicilərinin hüquqlarının müdafiəsini təmin etmək məqsədilə edilmiş bu dəyişiklik vergi ödəyicisinin maliyyə itkilərinin minimallaşdırılmasına imkan verəcək. Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları ilə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyalarından məhkəməyə şikayətin verilməsi, bu dövrdə vergi ödəyicisinin pul vəsaitlərinin yalnız məhkəmənin müvafiq qərarına uyğun olaraq dövlət büdcəsinə alınması qaydasını tənzimləyir. Məcəlləyə edilmiş dəyişikliklər sırasında diqqət çəkən yeniliklərdən biri büdcəyə ödənilməli olan əlavə dəyər vergisinin təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə vergi ödəyicisinin kassasına və hesablaşma hesabına daxil olmuş məbləğlərdən hesablanmasının nəzərdə tutulmasıdır. Əsas vəsaitlərə aid edilən aktivlərin dəyərinin 100 manatdan 500 manatadək artırılması uçot-hesabat işlərinin aparılmasının daha da sadələşdirilməsinə müsbət təsir göstərəcək, eyni zamanda dəyəri 500 manatdan aşağı olan aktivlərin xərclərə silinməsinə imkan verəcək. Bu isə vergi ödəyicilərinə əlavə dövriyyə vəsaitinin əldə edilməsinə, investisiya fəaliyyətləri üçün əlavə imkanlar yaranmasına səbəb olacaqdır. Sözügedən dəyişikliyi faktiki olaraq 100 faiz həcmində sürətli amortizasiya kimi də dəyərləndirmək olar. Vergi Məcəlləsinə edilmiş daha bir əsas dəyişiklik fiziki şəxslərin aylıq gəlirlərinə və qeyri-sahibkarlıq fəaliyyətindən illik gəlirlərinə tətbiq edilən gəlir vergisinin maksimal dərəcəsinin 30 faizdən 25 faizə endirilməsi, fiziki şəxslərin 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilən aylıq gəlirlərinin 2000 manatdan 2500 manatadək artırılması, fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinin 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilən illik gəlirlərinin isə 24000 manatdan 30000 manata qaldırılmasıdır. Bu dəyişiklik muzdla işləyən fiziki şəxslərə ödənişlərin əmək haqları şəklində leqallaşdırılmasına, əhalinin pul gəlirlərinin artırılmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Gəlir verigisi üzrə qanunvericiliklə müəyyən edilmiş güzətlərdə də dəyişikliklər vardır. Sosial vəziyyətindən asılı olaraq fiziki şəxslərin müxtəlif kateqoriyalarının aylıq gəlirlərinə tətbiq edilən vergi güzəştləri müvafiq olaraq 100 manatdan 200 manata, 55 manatdan 100 manata, 20 manatdan 50 manatadək artırılmışdır. Mühüm dəyişikliklər sırasında, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə yaradılmış sənaye və texnologiyalar parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirlərinin 7 il müddətinə gəlir vergisindən, parkların idarəedici təşkilatının və operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsinin müddət qoyulmadan və sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərinin fəaliyyətindən əldə etdikləri gəlirlərin 7 il müddətinə mənfəət vergisindən, sənaye və texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi məqsədilə idxal edilən texnikalar, texnoloji avadanlıqlar və qurğuların ƏDV-dən, parkların idarəedici təşkilatı və operatoru, parkların rezidenti olan hüquqi və fiziki şəxslərin əmlak və torpaq vergilərindən azad edilməsi də vardır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31