"Cənub Qaz Dəhlizi daha böyük perspektivlərə malikdir"

"Azərbaycan artıq dünyanın ən böyük enerji dəhlizlərindən birinə çevrilir. ABŞ prezidenti Donald Trampın Dövlət başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubunda da açıq şəkildə qeyd olunur ki, Azərbaycanın dünya enerji balansının tənzimlənməsində rolu durmadan artır və strateji əhəmiyyət kəsb etməyə başlayır". Bu fikirləri politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, ABŞ öz müttəfiqlərinə edilən enerji dəstəyini özünə edilən enerji dəstəyi kimi qiymətləndirir: "Çünki, Avropanın enerji layihələrinin böyük bir qismi Azərbaycanın üzərinə düşür ki, bu da ABŞ tərəfindən yüksək qiymətləndirilir. ABŞ dövlət başçısının Azərbaycan prezidentinə göndərdiyi son 2 təbrik məktubunda da bunlar xüsusi olaraq vurğulanır".

Cənub Qaz Dəhlizi layihəsi gələcəkdə daha böyük perspektivlərə malik olduğunu deyən Q. Hüseynli söyləyib ki, bununla da Azərbaycan ərazisinin dünyanın enerji dəhlizinə çevrilmək şansı daha da artmış olur.

Cənub Qaz Dəhlizinin reallaşmasında Böyük Britaniyanın dəstək verməsini müsbət dəyərləndirən Q. Hüseynli söyləyib ki, BP-nin ABŞ və Böyük Britaniyanın ortaq şirkəti olaraq Azərbaycandakı bütün enerji və qaz layihələrinin operatoru olması təkcə sözügedən ölkələrin deyil, digər Avropa dövlətlərinin də Azərbaycan tərəfindən həyata keçirilən enerji layihələrinin ciddi dəstəkləməsinə səbəb olub.

Politoloq əlavə edib ki, gələcəkdə "Şahdəniz -2", istismara hazırlanan neft və qaz layihələri var ki, onların hər biri Azərbaycanın dünyadakı enerji mənbəyi rolunu durmadan artmasına gətirib çıxaracaq.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31