Bakıda yenə tarix yazıldı
Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib İlham Əliyev: “Avropanın enerji xəritəsini yenidən tərtib edirik”
29 May 2018 16:31 İqtisadiyyatCənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib
İlham Əliyev: "Avropanın enerji xəritəsini yenidən tərtib edirik"
Son illərdə Azərbaycan bir sıra regional və beynəlxalq əhəmiyyətli layihələrin bilavasitə təşəbbüskarı və iştirakçısı kimi beynəlxalq aləmin, dünya dövlətlərinin diqqətini özünə çəkə bilib. Müstəqillik illərindən bu günə qədər ölkəmizin iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Əruzum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələrin gerçəkləşdirilməsi təkcə Azərbaycan deyil, eləcə də həmin layihələrin iştirakçısı və iştirakçısı olmayan ölkələr üçün mühüm əhəmiyyət kəsb edib. Hazırda isə Azərbaycan "Şahdəniz", Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Cənub Qaz dəhlizi layihələrinin fəal təşəbbüskarları və iştirakçılarındandır. Diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, bu layihələrə dünya dövlətlərinin də kifayət qəsər marağı var. Elə mayın 29-da Bakıda baş tutan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bunun əyani şahidi olduq.
Qeyd edək ki, mərasimdən əvvəl XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisinin də açılışı olub, Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Sərgi ilə tanışlıqdan sonra dövlət başçısı mərasimdə iştirak və çıxış edib. Sözügedən tədbiri əlamətdar bir gün kimi xarakterizə edən prezident Ilham Əliyev deyib ki, 4 il əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub: "O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start verib, onun təşəbbüskarı olub. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır".
Prezident deyib ki, dünya neftinin tarixi Azərbaycandan başlayır: "1846-cı ildə dünya miqyasında ilk dəfə olaraq sənaye üsulu ilə neft məhz Azərbaycanda, Bakıda hasil edilib. O tarixi anı əks etdirən abidə şəhərimizin mərkəzində bir neçə il bundan əvvəl ucaldılıb. O vaxt - XIX əsrin ikinci yarısında və XX əsrin əvvəlində Azərbaycan dünya neft hasilatının əksəriyyətini təmin edirdi. Ancaq Azərbaycan xalqı bundan bəhrələnə bilibmi?! Əlbəttə ki, yox. O illərin şəkillərinə, statistik məlumatlarına baxmaq kifayətdir ki, hər kəs görsün ki, xalq səfalət içərisində yaşayırdı, yoxsulluq hökm sürürdü, heç bir sənaye inkişafından söhbət getmirdi. Sadəcə olaraq Azərbaycan resurs mənbəyi idi və Azərbaycandan çıxarılan "qara qızıl" Azərbaycan xalqının inkişafına xidmət etmirdi. Bizim neftimiz tükənirdi. Neftdən əldə edilən gəlir Azərbaycan xalqının rifahına yönəldilmirdi və eyni zamanda, biz Abşeron yarımadasında böyük ekoloji problemlərlə üzləşmişdik. Bu problemləri bu gün müstəqil dövlətimiz həll edir. Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.
Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir: "Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulub və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və "Cənub Qaz Dəhlizi" layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynayıb. Böyük Britaniya hökuməti də həmişə bizim yanımızda olub. Bildiyiniz kimi, BP şirkəti energetika sahəsində bizim əsas investorumuzdur. Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, biz bu dəstəyi bu gün də hiss edirik. Keçən ay Londonda Baş nazir xanım Mey ilə mənim iştirakımla BP ilə SOCAR arasında növbəti kontrakt imzalanmışdır. Bu, bizim strateji əlaqələrimizi bir daha əks etdirir".
Dövlət başçısı diqqətə çatdırıb ki, Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynayıb: "Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb. Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur. Bu layihələrin həyata keçirilməsi maliyyə institutlarının maliyyəsi olmadan mümkün olmazdı. Mən bugünkü mərasimdə bizə dəstək olan beynəlxalq səviyyədə tanınmış banklara da öz təşəkkürümü bildirmək istəyirəm. Onlar da bizə inanır və öz maliyyə resurslarını ayırırlar. Onlar da əmindirlər, biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaş kimi bütün borcları vaxtında qaytarır və qaytaracaq. Bir sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək".
Azərbaycan Prezidenti deyib ki, Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir: "Mən o ölkələrin adlarını bu gün çəkmək istərdim - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bax, geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi əminəm ki, növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib. Hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr və istehlakçı ölkələr, - hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar, - beləliklə, onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam şəkildə təmin ediləcək. Yəni, maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasətimizlə bağlı yanaşmamız məhz bundan ibarətdir. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik. İştirak edən bütün tərəflər, şirkətlər, ölkələr öz mənfəətini götürməlidirlər - həm siyasi, həm təhlükəsizlik, həm iqtisadi. Şirkətlər öz mənfəətini götürməlidirlər və Azərbaycan resursların sahibi kimi, əlbəttə ki, öz mənfəətini götürür və götürəcək2.
Çıxışının sonunda dövlət başçısı bu layihələrin ölkəmiz üçün nə qədər böyük fayda gətirdiyini də diqqətə çatdırıb: "Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulub. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, biz istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilərik. Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib"
Mərasimdə ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson çıxış edib, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin mərasim iştirakçılarına müraciətini oxuub. Həmçinin Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın müraciətini səsləndirib.
Tədbirdə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və "BP Group Upstream"in baş icraçısı Bernard Luney də çıxış etdilər. Sonra "Şahdəniz 2" və "Cənub Qaz Dəhlizi" layihələri haqqında videoçarx təqdim olunub.
Daha sonra Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılışını edib. Sonda xatirə şəkilləri çəkdirilib.
Füzuli