Bizə zəfəran lazımdır! EKSPERTLƏRİN RƏYİ
Ekspertlər həyəcan təbili çalır
25 May 2012 16:34 İqtisadiyyatBu gün ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında müəyyən problemlər hələ də qalmaqdadır. Dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıya baxmayaraq bu məhsullar üzrə istehsal daxili tələbatı ödəmir. Buna görə də, əksər kənd təsərrüfatı məhsulları xaricdən idxal olunur. Bu gün danışacağımız mövzu isə Azərbaycan üçün ənənəvi olan kənd təsərrüfatı məhsullarından olan zəfəranın istehsalı ilə bağlıdır. Belə ki, hələ SSRİ illərində Azərbaycanda, xüsusən də Abşeronda və Bakı kəndlərində istehsal olunan zəfəran adla tanınırdı. Bu məhsulun istehsalı üçün SSRİ rəhbərliyi tərəfindən davamlı işlər görülmüş, 1927-ci ildə qədim zəfəran yetişdirmək ənənəsi olan Abşeronun Bilgəh kəndində "Zəfəran" sovxozu yaradılmışdır. Məlumatlara görə, sovxoz ən yaxşı dövründə 150 kilo quru zəfəran təhvil verib. Müstəqillik əldə etdikdən sonra torpaq islahatı zamanı bu zavodda fəaliyyətini dayandırdı. 130 hektarlıq əraziyə malik olan sovxozun mülkü əhaliyə paylanıldı. Beləcə zəfəranın istehsalında müəyyən geriləmə baş verdi. Bu gün ayrı-ayrı təsərrüfatlarda istehsal olunan zəfəran daxili tələbatı ödəmək iqtidarında belə deyil. Ümumilkdə zəfəran təsərrüfatının bu günü ilə bağlı məlumat verən kənd təsərrüfatı üzrə ekspertlər hesab edir ki, bu məhsulun istehsalında dönüş yaratmaq olar. Bunun üçün zəfəran istehsalçıları kooperativləri yaradılmalıdır: "Bu kooperativlərdə cəmlənən fermerlərin birinin torpağı olacaq, biri zəfəran toxumlarının gətirilməsi ilə, biri bu məhsulun becərilməsi ilə məşğul olacaq. Belə olan halda məhsulun istehsalında ciddi dönüş yaradıla bilər. Əks təqdirdə dövlət tərəfindən zəfəranın istehsalı üçün ayrı-ayrı fermerlərə müəyyən güzəştlərin edilməsi fonunda da məhsuldarlığı artırmaq olar. Tutaq ki, taxıl istehsal edilən fermerlərə müəyyən güzəştlər tətbiq olunur. Real da olmasa statistik rəqəmlərə əsaslansaq onu deyə bilərik ki, taxılın istehsalında ciddi artım var. Bu artım özünü göstərdiyi halda niyə biz digər kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaqdan ötrü analoji addım atmayaq". Ekseprtlər hesab edir ki, zəfəran istehsalı üçün hazırda lazım olan vəsait elədə ciddi çəkiyə malik deyil. Belə ki, müxtəlif iqlim şəraitində yetişdirilə bilən zəfəranın əmələ gəlməsi üçün əlavə xərclər tələb olunmur. Belə olan halda zərəfan istehsal edən ayrı-ayrı fermerlərə müəyyən güzəştlər edilə bilər. Bu güzəştlər nəticəsində məhsuldarlığı artırmaq olar ki, bu da son nəticədə Azərbaycanı zəfəran idxal edən ölkədən zəfəran ixrac edən ölkəyə çevirər: "Baxın bizdə zəfəran istehsal etmək mədəniyyəti ta qədimlərdən formalaşıb. Hələ SSRİ illərində Bilgəh zəfəranı adla tanınırdı. Bu zəfərana tələbat var idi. Bütün bunları nəzərə alaraq onu demək olar ki, məhz Bilgəhdə fermerlərin zəfəran yetişdirməsi üçün xüsusi maraq oyatmaq üçün dövlət tərəfindən müəyyən kompaniyalar həyata keçirilə bilər. Bu güzəştli kreditlərin fonunda da özünü göstərə bilər. Bununla yanaşı zəfəran istehsal edən fermerlərin məhsullarını dövlətin alması fonunda da müəyyən addımlar atıla bilər. Təəssüflər olsun ki, bu günə qədər aidiyyatı qurumlar tərəfindən bu sahəyə ciddi yanaşmaması zəfərançılığın məhv olmaq təhlükəsi ilə nəticələnib". Ekspertlər onu da bildirirlər ki, bu gün Azərbaycan bazarlarında satışa çıxarılan zəfəranlar İrandan və digər ölkələrdən gətirilən zəfəranlardır ki, bu məhsulların da keyfiyyəti olduqca aşağı səviyyədədir.
Ədil Ədilzadə