İlham Əliyev bp ilə bağlı daha bir açıqlama verdi

Azərbaycan prezidenti İlham Əliyev ötən il Nazirlər Kabinetinin 9 aylıq yekunlarına həsr olunmuş toplantısında bp-nin ünvanına səsləndirdiyi ittihamlara yenidən qayıdıb.  "Qafqazinfo"nun məlumatına görə, prezident rəsmi tvitter və facebook hesabında bp ilə SOCAR arasında qarşılıqlı anlaşmanın bərpa edildiyini bildirib: "Mən çox şadam ki, bir qədər əvvəl Nazirlər Kabinetinin toplantısında neftin hasilatı ilə bağlı dediyim narahatedici sözlər bizim tərəfdaşlar tərəfindən düzgün anlaşıldı və görülən tədbirlər nəticəsində deyə bilərəm ki, 2013-cü ildə neftin hasilatı sabitləşəcəkdir. Bp şirkəti ilə aparılan danışıqlar nəticəsində biz buna nail olduq. Mən çox şadam ki, bp ilə SOCAR arasındakı qarşılıqlı anlaşma bərpa edildi və uzun tarixə malik olan bu əlaqələr bu gün yeni mərhələyə çıxır".  Xatırladaq ki, prezident İlham Əliyev BP şirkətini yanlış proqnozlar verməkdı ittiham etmişdi: "Azərbaycanda neftin hasilatı ilə Azərbaycan Dövlət Neft Şirkəti məşğuldur və 1994-cü ildə "Azəri", "Çıraq" yataqları üzrə bağlanmış kontrakt əsasında beynəlxalq konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılıb, operator məhz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti idi. Ondan sonrakı mərhələlərdə o konsorsiuma daxil olan şirkətlər arasında birləşmə prosesi getdiyi üçün operator funksiyaları bp şirkətinə həvalə edilib. Konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində "Azəri", "Çıraq" yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb...Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31