Ötən il ÜDM-də cəmi 2,2 faiz artım olub - STATİSTİKA

Arif Əliyev: “Bu, ölkədə neft hasilatının azaıması hesabına baş verib”

Yanvarın 18-də Dövlət Statistika Komitəsində 2012-ci ilin dördüncü rübünün yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. DSK sədri Arif Əliyev bildirib ki, ötən  ildə ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 54,0 milyard manata çatıb. Komitə sədri ÜDM-in cəmi 2,2 faiz artmasını ölkədə heft hasilatının azalması ilə izah edib: "Məlum olduğu kimi son iki ildə ölkədə neft hasilatında azalma müşahidə olunub. Bu, neft ehtiyatlarının azalması ilə deyil, BP-nin Meksika körfəzindəki platformasında baş vermiş hadisə ilə bağlı olub. Baş vermiş hadisədən sonra Azərbaycan rəhbərliyi şirkətə ölkədəki yataqlarda çalışan zaman təhlükəsizlik məsələlərinə diqqətlə yanaşmağı tövsiyə edib ki, bu da hasilatın göstəricilərinə təsir edib. Məhz neft hasilatının azalması hesabına ÜDM-də cəmi 2,2 faiz artım olub". Onun bildirdiyinə görə, ötən dövrdə cari qiymətlərlə 77,9 milyard manatlıq məhsul və xidmətlər istehsal olunmuşdur ki, bu da 2011-ci ildəkindən 4,5 milyard manat çoxdur. Məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 23,9 milyard manat və ya məhsul və xidmətlər buraxılışının 30,7 faizini təşkil edib.  Ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 5884,5 manat və ya 7490,5 ABŞ dolları təşkil edib. Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,7 faiz artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 48,8 faizdən 52,7 faizədək yüksəlib. Müvafiq olaraq ümumi daxili məhsulun 47,3 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüş və əvvəlki ilə nisbətən 5,0 faiz azalıb. 2012-ci ildə əhalinin gəlirlərinin də artdığını diqqətə çatdıran komitə sədrinin sözlərinə görə, ilin yekunlarına görə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 13,8 faiz artaraq 34,7 milyard manata çatıb.  Əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 3784,3 manat və ya ayda 315,4 manat olub. Hər nəfərə düşən gəlirlər 12,2 faiz artaraq istehlak qiymətlərinin bahalaşmasını 11,1 faiz bəndi üstələyib, hər nəfərə gəlirlər real ifadədə 11.0 faiz artıb. Gəlirlərin 61,0 faizi son istehlaka, 8,6 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 29,3 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Əhalinin sərəncamında qalan gəlir 31,7 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 13,8 faiz artıb. Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşdığını bildirən A. Əliyev qeyd edib ki, birillik bitkilərin istehsalçı qiymətləri 0,9 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,5 faiz bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,8 faiz ucuzlaşıb. Eyni zamanda diri heyvanlar və heyvandarlıq məhsullarından diri ev quşları və quş ətinin istehsalçı qiymətləri müvafiq olaraq 0,3 faiz və 1,1 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 1,3 faiz, camışın 2,5 faiz, diri qoyun və keçilərin 3,2 faiz, mal və qoyun ətinin 0,1 faiz, südün 0,3 faiz, yumurtanın istehsalçı qiymətləri isə 3,0 faiz bahalaşıb. Onun bildirdiyinə görə, 2012-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 154 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar.  Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 39473,1 milyon ABŞ dolları təşkil edib ki,  onun da 8444,7 milyon dolları idxalın, 31028,4 milyon dolları ixracın payına düşüb. Qeyri-neft məhsullarının ixracı 1477,8 milyon dollar dəyərində olmaqla 2011-ci ilin yanvar-noyabr aylarının səviyyəsini 11,2 faiz üstələyib. DSK sədri bildirib ki, 2012-ci ilin dekabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,3 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub. Belə ki, ay ərzində  ərzaq məhsullarından manna yarmasının, qoyun ətinin, vermişelin, hind toyuğunun, təzə balığın, süd və süd məhsullarının, yumurtanın, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun qiyməti bahalaşmışdır. Bahalaşma ilə yanaşı, qarabaşaq yarmasının, toyuq ətinin, kərə yağının, günəbaxan yağının, şəkər tozunun, naringinin, kələmin, çuğundurun, kökün, soğanın qiymətlərində ucuzlaşma da müşahidə olunub.

Alim

stələyib. DSK sədri bildirib ki, 2012-ci ilin dekabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,3 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə g

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31