Füzuli Ələkbərov 5 vəzifəlini işdən qovdu
ƏƏSMN-də müşavirə keçirilib
20 Aprel 2012 15:04 İqtisadiyyatAprelin 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib. Nazir Fizuli Ələkbərovun sədrliyi ilə keçən müşavirədə bildirilib ki, hökumətin 2012-cu ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında ilk növbədə insan amili dayanır. Bu siyasətin icrasına layiqli töhfələr verilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də məqsədyönlü tədbirlər həyata keçirilir.Müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Elnur Kələntərov Dövlət İnvestisiya Proqramının icrası ilə bağlı olaraq, nazirlik tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, cari ilin birinci rübündə Bakıətrafı qəsəbələrdə Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın, həmçinin Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar evi) əsaslı təmir işləri ilə yanaşı, pansionat üçün yeni 170 nəfərlik 5 mərtəbəli korpusun inşasına başlanılıb.Saray və Şağandakı internat evlərində nümunəvi şərait yaradılıb. 1997-ci ildən indiyə qədər 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Müşavirədə nazir Fizuli Ələkbərov görülən işlərlə bağlı tapşırıqlarını verib. Müşavirədə Mingəçevir şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin direktorunun müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmaqla mərkəzin fəaliyyətinin araşdırılması, 4 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinin baş məsləhətçilərinin işdən azad olunması, 13 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinin baş məsləhətçilərinə töhmət verilməsi barədə əmr verilib.