Sement bazarında araşdırmalar davam edir
15 Yanvar 2013 13:46 İqtisadiyyatMəlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "A.M. Emal Sənaye" MMC-yə məxsus istehsalat sahəsində sement istehsalı və satışının antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin yoxlanılması zamanı müəssisənin anbarında olan sementdən nümunələr götürülərək laborator müayinəyə göndərilmişdi. Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən M-400 markalı sementin sıxılmada möhkəmlik həddinin normativ-texniki sənədlərdə, hətta M-300 markalı sement üçün müəyyən edilmiş normadan da aşağı olduğu aşkar edilmişdir.
Qanun pozuntuları ilə əlaqədar, normativ sənədlərin tələblərinə cavab verməyən sementin istehsalı və satışının dayandırılması, habelə istehsal olunan sementin normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi barədə Dövlət Xidməti tərəfindən "A.M. Emal Sənaye" MMC-yə icrası məcburi göstəriş verilmişdir.