Vergilər Nazirliyi ötən il 180 mindən çox əmək müqaviləsi bağlatdırıb
14 Yanvar 2013 16:20 İqtisadiyyatVergi orqanlarının apardığı tədbirlər nəticəsində 2012-ci ildə 180 mindən çox əmək müqaviləsinin bağlanılması təmin edilib. Bu barədə "OLAYLAR"a Vergilər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Vergilər Nazirliyi qeyri-leqal məşğulluğun leqallaşdırılması, iş yerlərinin düzgün rəsmiləşdirilməsi, muzdlu işlə əlaqədar əmək haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi istiqamətində 2012-сi ildə kompleks tədbirlər həyata keçirib. Vergidən yayınma hallarının və əlavə vergi potensialının müəyyən edilməsi üçün işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin bağlanmasının, müqavilələrdə əmək haqlarının düzgün göstərilməsinin təmin olunması məqsədilə Vergilər Nazirliyində "Əmək münasibətlərinə vergi nəzarətinin təşkili sahəsində kompleks tədbirlərin həyata keçirilməsi barədə" əmr imzalanıb, "Əmək münasibətləri sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə" Konsepsiya hazırlanıb, əmək müqavilələrinin bağlanması sahəsindəki mövcud nöqsanların aradan qaldırılması üçün yerli vergi orqanlarında müvafiq komissiyalar yaradılıb.
2012-ci ildə əmək münasibətlərinə vergi nəzarətinin təşkili istiqamətində geniş təbliğat-təşviqat və maarifləndirmə işləri aparılıb.
Aparılan kompleks tədbirlərin tərkib hissəsi kimi, əmək müqavilələrinin bağlanılmaması meyarı üzrə bir sıra riskli vergi ödəyiciləri seçilib və həmin vergi ödəyicilərinin fəaliyyəti müxtəlif vergi yoxlamaları ilə əhatə edilib. Yoxlamalar nəticəsində Vergilər Nazirliyinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq həmin riskli vergi ödəyicilərində fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb və belə tədbirlərin nəticələri ictimaiyyətə açıqlanıb. Həyata keçirilmiş tədbirlər nəticəsində 11 yanvar 2013-cü il tarixə vergi orqanları tərəfindən 55 min 94 işəgötürən vergi ödəyicisi ilə 180 min 96 işçi arasında bağlanmış əmək müqavilələri barədə məlumatın yeni yaradılmış məlumat bazasına daxil olunması təmin edilib. Nəticə etibarilə qeyd olunan tarixə ölkədə fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən vergi orqanlarına təqdim edilmiş bəyannamələrdə müvafiq dəqiqləşmələr aparılmaqla muzdlu işlə əlaqədar işçi sayları 1 milyon 480 min 925 nəfərə çatdırılıb.