Varlıların vergi yükü niyə azaldılır? - ARAŞDIRMA

Milli Məclisin keçən ilin sonlarında qəbul etdiyi yeni qanun layihəsi ilə yanvarın 1-dən ölkənin yuxarı maaşlı işçilərinin vergi yükü xeyli azaldılıb. Konkret olaraq, fiziki şəxslərdən gəlir vergisinin maksimum dərəcəsi 30 faizdən 25 faizədək azaldılıb. Həmçinin maksimum dərəcə ilə vergi tutulan aylıq maaşın aşağı həddi də yüksəldilib. Belə ki, 2008-ci ildən qüvvədə olan aylıq vergiqoyma qaydalarına görə, 2000 manata qədər olan aylıq maaşlardan 14 faiz, ondan yuxarı maaş hissəsindən isə 30 faiz vergi tutulurdusa, indi 14 faizlik vergi 2500 manata qədər olan maaşlara da şamil edilir. Həmçinin 2500 manatdan yuxarı maaşlara tətbiq edilən vergi dərəcəsi də azaldılıb və 30 faizdən 25 faizə salınıb.
Konkret misallara vardıqda, bunun yetərincə yüngülləşmə olduğunu görmək olar. Nümunə kimi, elə ayda 2500 manat maaş alan işçinin yanvarın 1-dən qabaq və yanvarın 1-dən sonra ödədiyi vergi səviyyəsini göstərmək olar. Heç bir fors-major hal olmadıqda, həmin işçi il ərzində 30 min manat maaş alıb və 2012-ci ildə o, ayda 430 manat, yəni il ərzində 5130 manat vergi ödəyib. Onun maaşının 2000 manata qədər hissəsinə 14 faizlik vergi dərəcəsi tətbiq edilib (280 manat), qalan 500 manata isə 30 faizli vergi şamil edilib (150 manat). Sonucda bu iki rəqəm cəmlənib. 2013-cü ildə isə ayda 2500 manat maaş alan adamdan yalnız 14 faiz gəlir vergisi tutulacaq ki, bu da ayda cəmi 350 manat, yəni ildə 4200 manat edir. Göründüyü kimi, sözügedən yuxarı maaşlı işçinin illik vergi yükü 930 manat azaldılıb. Ümumi ölkə səviyyəsində götürənə bu, yetərincə yüksək rəqəmdir və orta aylıq maaş göstəricisindən 2,4 dəfə çoxdur - 2012-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 390,2 manat olub.

Əcaba, dövlətin varlı insanlara bu qədər qayğısı nədən qaynaqlanır? Yəni bu məntiqlə vergi yumşaldılması bütün şkala boyunca aparılmalı idi. Bu addım MDB məkanında sosial vəziyyətinə görə Azərbaycana yaxın ölkələrin apardığı vergi siyasəti ilə də uzlaşmır. Məsələn, şimal qonşumuz Rusiyada 2012-ci ildən başlayaraq illik maaşı 512 min rublu (təxminən 13 min 260 manat) ötən insanlara qarşı 23 faizlik gəlir vergisi tətbiq ediməyə başlayıb, əvvəllər isə maaşın fərqinə varmadan hamıdan 13 faiz vergi tutulurdu. Rusiya qanunvericiliyinə görə, bu il də vəziyyət dəyişməyəcək və ayda təxminən 1105 manatdan çox maaş alanlar 23 faiz gəlir vergisi verməyə məcbur ediləcəklər. Heç bir yumşalmadan söhbət belə getmir və bəzi qanunvericilər 2009-cu ildə bundan daha sərt gəlir vergisi siyasəti təklif edirilər: məsələn, illik maaşı 3 milyon rubldan (təxminən 77 min manat) çox olan işçilərdən 35%, 12 milyon rubldan (təxminən 310 min manat) çox olan işçilərdən isə 45% gəlir vergisi tutmağı təklif edirdilər. Lakin o vaxt baş nazir olan Vladimir Putin və maliyyə naziri Aleksey Kudrin işə qarşdılar, bu məsələnin vaxtının çatmadığını bildirdilər. Halbuki, Dumanın üç iri fraksiyası qanuna səs verməyi qərara almışdı. Yalnız hakim partiya onlarla razılaşmadı, belə qanunun hələ vaxtının çatmadığını vurğuladı. Amma göründüyü kimi, şimal qonşumuz mərhələli şəkildə 2009-cu ildə təklif edilən varianta keçməkdədir.
Bir çox ekspertlər MDB məkanında baş verənlərin tam əksinə olaraq, Azərbaycanda yüksək maaş alanların gəlir vergisinin azaldılmasının beynəlxalq qurumların təzyiqi ilə gerçəkləşdirildiyini vurğulayırlar. Məsələ bundadır ki, hələ 2010-cu ilin may ayında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Oumes gəlir vergisinin maksimum dərəcəsinin azadlımasının vacibliyini vurğulamışdı. "Biz hesab edirik ki, 30% səviyyəsində maksimum dərəcə regionun digər ölkələri ilə müqayisədə çoxdur. Məsələn, Rusiya, Ukrayna və Gürcüstanda dərəcə aşağıdır. Buna görə də biz hökumətə gəlir vergisinin maksimum dərəcəsini azaltmaqda davam etməyi tövsiyə edirik. Həm də onun azaldılması üçün ehtiyatlar var", - deyə missiyanın rəhbəri vurğulamışdı. Amma iqtisadçı ekspert Hafiz Babalı beynəlxalq qurumların bu canfəşanlığının Azərbaycanda çalışan xarici işçilərin mənafeyinin qorunması kimi qiymətləndirir: "Vergi dərəcələrinin dəyişdirilməsi Amerika - Azərbaycan Ticarət Palatasının təklifidir. Azərbaycanda işləyən xaricilər yüksək əmək haqqı alır və buna görə də onlardan 30 faizlik gəlir vergisi tutulur. Ona görə də Palata həmin vergi dərəcəsinin azaldılmasında maraqlıdır və bu səbəbdən də verdikləri təklif sırf xarici vətəndaşlara yönəlik addımdır. Buradan görmək olar ki, 30 faizlik vergi yükünün altına düşənlər əsasən xarici vətəndaşlardır. Onları barmaqla saymaq mümkün olmasa da, sayları məhduddur. Azərbaycanda 1 milyon 363 min muzdla işləyən varsa, onlardan cəmi 10-20 mini 30 faizlik gəlir vergisini ödəyən səviyyədə əmək haqqı alır",- deyən Hafiz Babalı bu məsələ gündəmə gələn zaman vurğulamışdı.
Lakin Dövlət Statistika Komitəsinin müxtəlif peşə sahələri üzrə orta aylıq göstəriciləri üzrə araşdırma apardıqda Milli Məclisin bu addımının ciddi səbəblərinin olduğu anlaşılır. Statistikaya görə, 2011-ci ildə ölkə üzrə ən aşağı maaş göstəricisi əhaliyə səhiyyə xidmətlərin göstərilməsi üzrə qeydə alınıb və bu, 164 manat olub. Göstəricinin belə aşağı olmasında əsas rolu özəl bölmə oynayıb, çünki dövlət sektoruna aid xəstəxanaların çoxunda maaşlar 200 manatı keçir. Yəni səhiyyənin özəl sektorunda maaşların ikili mühasibat üsulu ilə verilməsi praktikası geniş yayılıb. Bu barədə Vergilər Nazirliyinin də xəbərdarlığı olub. Statistikaya görə ən yüksək orta maaş göstəricisi (1004,5 manat) isə maliyyə və sığorta fəaliyyəti sahəsində qeydə alınıb. Uyğunsuzluq gös qabağındadır - yəni orta bir maliyyə işçisinin orta bir tibb işçisindən xeyli pis dolandığı göz qabağındadır. Həkimlərin, xüsusilə də özəl klinika həkimlərinin lüks maşınlar sürdüyü, lüks evlərdə yaşadığı kimsədən gizli deyil. Orta bir bank işçisi isə ən yaxşı halda ipoteka ilə alınmış mənzilə iddia edə bilər. Vergi Məcəlləsinə edilmiş son yumşalmalar məhz gəlirlərinin rəsmiləşdirməkdən yayınanların könüllü bəyannamələr təqdim etməyə həvəsləndirməkdə böyük rol oynayır. Təbii ki, burada başqa üsulların - alınan evlərə və maşınlara görə gəlir deklarasiyalarının və s.-in tətbiq edilməsi vacibdir. Anspress.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31