Əmanətlərə görə müraciət müddəti bitir - EKSPERT

Vüqar Bayramov: “Müraciət müddətinin 2 ay uzadılmasına ehtiyac var”

Azərbaycan vətəndaşlarının sovet banklarında qalmış əmanətlərinin qaytarılması üçün müraciət  müddəti 4 gündən sonra başa çatır. Təlimatlara görə, vətəndaşlar yalnız bu ilin sonunadək əmanətlərin alınması üçün müraciət edə bilərlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib ki, Azərbaycanda konpensasiyaların qaytarılması prosesi digər MDB ölkələri ilə müqayisədə daha az çətinliklər ilə müşahidə edildi.  Bu həm ödənişlərin birdəfəlik həyata keçirilməsi, həm də Kapital Bankın prosesi daha yaxşı təşkil etməsi ilə bağlıdır: "İndiyədək 1,4 milyona yaxın vətəndaşa 500 milyon manatdan artıq konpensasiya ödənilib. Keçmiş Sovet Banklarında 2 milyona yaxın vətəndaşın əmanətinin olduğunu nəzərə alsaq hələ də vətəndaşların bir qismi öz pullarını ala bilməyiblər. Doğrudur, onların əksəriyyəti konpensasiyaların alınması üçün müraciət ediblər və həmin şəxslər üzrə ödənişlər 2013-ci ildə həyata keçiriləcək". V. Bayramov bildirib ki, eyni zamanda indiyədək müraciət etməyən vətəndaşların hətta sənədləri tam olmasa da belə konpensasiyaların alınması üçün ilin sonunadək müraciət etmələri vacibdir. Xüsusən də varislik sənədlərin alınmasının 6 aya yaxın zaman tələb etdiyini nəzərə alaraq bu sənəd olmadan da müraciət və notariat orqanlarından həmin sənədi 2013-cü ildə alıb ayrıca təqdim etmələri mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31