Azərbaycanda GMO-laşmayan nə qaldı, cənab millət vəkilləri?

İsmət Abbasovun GMO biznesinə zərbə vura biləcəksinizmi?

Axır ki, Milli Məclisin Aqrar Siyasət Komitəsi genetik modifikasiya olunmuş (GMO) məhsullarını Azərbaycana gətirənlərə qarşı mübarizə tədbirləri barədə düşündü. Düzdü, bu məsələ bu sahədəki nöqsanların qarşısının alınmasına tam yardım etməsə də, bəzi məsələlərdə problemin azalmasına gətirib çıxara bilər. Təbii ki, əgər tətbiq olunsa. Amma, bir məsələ var ki, artıq bu sahədə qarşısını almağa bir şey də qalmayıb. Hansı sahədə tətbiq olunacaq bu? Azərbaycanda GMO-laşmayan nə qaldı? Məlumatı belə aldım.  Milli Məclisin Aqrar Siyasət Komitəsinin iclasında belə bir məsələ müzakirəyə çıxarılıb. Komitənin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi müzakirə olunub.  Layihə barədə məlumat verən komitə sədri Eldar İbrahimov sənədin ölkə prezidentinin imzası ilə MM-ə daxil olduğunu bildirib. Qeyd olunub ki, məcəlləyə 120-1 maddəsi əlavə edilir. Bu da mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulması ilə bağlıdır. Dəyişikliyə əsasən, qanunvericiliyin pozulmasına görə, fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüququ şəxslər 1500 manatdan 2000 manatadək cərimə olunacaqlar. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycana gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə, fiziki şəxslərin 3000, vəzifəli şəxslərin 10 000, hüququ şəxslərin isə 50 000 manat cərimə olunması təklif edilir. Müzakirələrdən sonra Aqrar Siyasət Komitəsi layihəni Milli Məclisin plenar iclasına tövsiyə edib.

Azərbaycanda heyvanların cins inəklərlə GMO-laşdırılması

Yaxşı addımdı, demirəm pisdi. Amma, gecdi və qorxuram bu da elə təklif kimi qala. Çünki, genetik modifikasiya olunmuş(GMO) məhsulları artıq Azərbaycanın kənd təsərrüfatını bürüyüb. Bunun qarşısının alınması barədə qərar qəbul olunsa, layihə təsdiqlənsə, Kənd Təsərrüfatı Nazirliyi də ləğv olunmalıdır. Çünki, bu nazirlik axı bu cür bitkilərlə dolanır. O bitkilər də olmasa, nazirlik nə işlə məşğul olacaq. Bir müddət əvvəl yəqin hamının yadında olar, Kənd Təsərrüfatı Nazirliyi vasitəsilə ölkəyə cins heyvanlar gətirilmişdi. Yəni, toxumluq heyvanlar. Kənd təsərrüfatı naziri cənab İsmət Abbasov həmin cins heyvanlardan döl götürüb nəslini artırmaq istəyirdi. Hətta, yadımdadı, onda İsmət Abbasova bu barədə sual verəndə demişdi ki, bəs Azərbaycanda heyvandarlıqda inkişaf aşağıdır, Azərbaycandakı heyvan cinsləri zəifdir və ona görə də nazirlik qərara gəlib ki, bəs bu cinsləri artırmaq üçün Azərbaycana yeni cins inəklər gətirilsin. Onda hamı olmasa da, bəziləri cənab nazirin bu fikirlərini alqışladı ki, kişi iş görür də. Amma,bəziləri Azərbaycana hər biri 30-35 inək qiymətinə başa gələn bu heyvanlardan burada döl götürməyin mümkünsüzlüyünü dedi. Nazirlikdəki və nazirin ətrafındakı bəzi "başbilənlər" isə onda həmin ziyalıları "başıxarab" adlandırdılar və bəyanat yaydılar ki, guya həmin insanlar Azərbaycanda inkişafı görmək istəmirlər. Bəli, bu proses bir müddət getdi və kənd təsərrüfat naziri və onun ətrafındakılar həqiqəti etiraf edənləri az qala vətən xaini adlandırdılar. Və nəticədə məlum oldu ki, həmin o "başdanxarab!" adlandırılanlar düz deyir. Bir-iki aydan sonra məlum oldu ki, İsmət Abbasovun milyonlar xərcləyib Azərbaycana gətirdiyi heyvanlar "GMO inəklər" imiş. Yəni, bu inəklər Azərbaycanda döl dəyişməyə yaramır. Daha doğrusu, inəklər bir-bir, iki-bir ölməyə başladı. Artıq inəklərdə kütləvi qırğını görəndən sonra İsmət Abbasov həmin malları dərhal Azərbaycanın şimalına, qismən soyuq yerlərə köçürtməyə başladı. Adını da qoydu ki, guya həmin heyvanlar xaricdə soyuq iqlimə öyrəşdiyindən isti iqlimə uyğunlaşmır, nəticədə ölür.  Cənab nazir malları gətirəndə çatdırıb fikirləşə bilməmişdi ki, bu heyvanların yaşadığı iqlimlə Azərbaycanın iqlimi ayrıdır. O qədər tələsik olmuşdu ki, daha bu məsələləri fikirləşmək yada düşməmişdi. Nəticədə də Azərbaycan büdcəsinə milyonlar bahasına başa gələn bu inəklər tezliklə məhv oldu, nə Azərbaycanın şimalı yetdi köməyə, nə də cənubu.

GMO-laşmayan nə qalıb ki?

Keçək indi də bu GMO məhsullarının qadağasına. Milli Məclis nə tez ayılıb ki, Azərbaycan bazarlarında GMO var? Bəs bu vaxta qədər ictimaiyyət, media dalbadal bu məsləni qabardırdı ki, ay millət və ay millətin vəkilləri, Azərbaycan bazarları gələcəyin faciəsinə yol açır,  cəmiyyət vəhşiləşir, insanlarda heyvani xüsusiyyətlər yarana bilər və sair. Onda niyə bu millətin vəkillərinin səsi çıxmırdı? Gözləyirdilər ki, cənab İsmət Abbasovun GMO biznesi tam bazarda yerini alsın, sonra belə bir məsələ qaldırılsın? Artıq gördülər ki, insanlarda həqiqətən kütləşmə, heyvaniləşmə gedir, ondan sonra bu addımı atdılar? Axı hamı bilir ki, mütəxəssislər uzun illərdir qişqırır, həyəcan təbili çalır ki, GMO məhsullarının Azərbaycan bazarlarına yol açması millətin faciəsidir. Bunu hətta savadsız insanlar da etiraf edirdi ki, tərkibində heyvan geni olan məhsulları qəbul edən insanda genetik dəyişikliklər baş verir. Bu fikirlərə vaxtilə fərziyə kimi baxan GMO işbazları da həmin vaxtlarda bu cür düşünənləri əsassız adlandırırdılar. Bəs indi nə oldu? Artıq on il bundan əvvəl deyilən faktlar indi yerini tapandan sonramı ayıldı bu cür işbazlar? O vaxt İsmət Abbasov da bu cür faktları yalan adlandırırdı və bildirirdi ki, belə bir fakt ola bilməz. Amma son vaxtlar insanlarda həqiqətən də heyvani xüsusiyyətlərin müşahidə edilməsi, ailələrdə baş verən münaqişələr axır ki onları da oyatdı və artıq bu cür halların GMO-təsirini gördülər.

İsmət Abbasovun istəyindən sonrakı addım

İndi də düşüblər ki, bəs GMO məhsullarını daha Azərbaycana gətirməyək amandı. İndi bunun nə faydası? Artıq Azərbaycan bazarında satılan kənd təsərrüfatı mallarının 90 faizə yaxını GMO məhsullarıdır. Bitkilər, zəruri ərzaqların bir hissəsi GMO məhsullarının "yetirmələridir". Bu gün Azərbaycanda ən mühüm bitki olan buğda və arpanın yerli toxumları məhv edilib, Azərbaycana toxumluq buğdaların 90 faizi xaricdən gətirilir. Eləcə də qarpız, yemiş, soğan, kartof və digər kənd təsərrüfatı mallarının yerli növləri yoxa çıxdı. Artıq Azərbaycanda GMO-laşma sürətli inkişaf mərhələsini də geridə qoydu. Təbii ki, cənab İsmət Abbasovun "səyi" nəticəsində.  Artıq Azərbaycan bazarı İsmət Abbasovun istəyi səviyyəsində GMO-laşandan sonra bu addımın atılmasına ehtiyac yox idi. Bu addım 10 il əvvə l atılmalı idi cənab millətimin vəkilləri, indi yox. İndi nəyi cərimələyəcəksiniz ki, yediyimiz,  həyat üçün ən zəruri olan çörək də GMO qatışıqlıdır. Bundan artıq nə olmalı idi? Daha bundan sonra buraxmayın, onsuz da bu gün-sabah insanlar da tam GMO-laşacaq.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31