“Monokristal” MMC-nin şikayəti təmin edilməyib

Vergi Apelyasiya Şurasının iclasında Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan "Monokristal" MMC-nin rəhbəri Əliyev Aydın Yusif oğlunun mal qalığına görə kameral qaydada hesablanmış əlavə vergi məbləğinin ləğv edilməsi barədəki müraciətinə  baxılıb. Nazirlikdən "OLAYLAR"a verilən məlumata görə, iş üzrə toplanmış materialların müzakirəsi nəticəsində belə qənaətə gəlinmişdir ki, təkrar şikayət təmin edilməməlidir. Belə ki, 2009-cu ilin aprel ayı üzrə hesablanmış ƏDV məbləği müəssisə tərəfindən təqdim edilmiş 2008-ci ilin mənfəət vergisi bəyannaməsinə əsasən həyata keçirilib. Müəssisənin rəhbəri 2008-ci ilin mənfəət vergisinin bəyannaməsinin səhv tərtib olunduğunu, orada göstərilənlərin reallığı əks etdirmədiyini etiraf edərək, qanunvericiliyin tələbini bilmədikləri üçün dəqiqləşmiş bəyannaməni təqdim etmədiklərini bildirib.  Müəssisə ilə vergi orqanı arasında "Vergi hesabatlarının elektron göndərilməsi haqqında" 14.12.2007-ci il tarixli müqavilə bağlanılmış və həmin müqavilədə  elektron sənəd mübadiləsi üçün istifadə olunan istifadəçi kodu, şifrə və parolu məxfi saxlamaq vergi ödəyicisinin öhdəliyi hesab edilib. Lakin, müəssisənin rəhbəri 2008-ci ilin mənfəət vergisinin bəyannaməsinin muzdlu işçisi hesab olunmayan qeyri-peşəkar mühasib tərəfindən təqdim olunduğunu bildirib ki, bu hal da onun müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etmədiyini göstərir. Müvafiq bəyannamənin başqası tərəfindən tərtib edilməsi və ya dəqiqləşdirilmiş bəyannamənin vaxtında təqdim edilməməsi vergi ödəyicisini qanunla müəyyən edilmiş məsuliyyətdən azad etmir. Qeyd olunanları nəzərə alaraq, "Monokristal" MMC-nin təkrar şikayətlərinin təmin edilməməsi barədə qərar çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31