Prezident İlham Əliyev Azərbaycanın Gömrük İttifaqına və Vahid İqtisadi Məkana qoşulmamasına münasibət bildirib

"Biz Gömrük İttifaqı və Vahid İqtisadi Məkana qoşulmağımızda hələlik elə bir xeyir görmürük".   APA-nın Moskva müxbirinin verdiyi məlumatına görə, bu fikirləri "Rossiya 24" kanalına müsahibəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib.
Prezident Azərbaycanın iqtisadi vəziyyətinin kifayət qədər möhkəm olduğunu söyləyib: "Bizim kifayət qədər valyuta və zəngin təbii ehtiyatlarımız var. Əgər biz bunun real perspektivlərini görsək, onda əlbəttə ki, hər hansı birliyə daxil olarıq. Bu planda bizim üçün heç bir qadağa, tabu yoxdur".
İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına daxil olduğunu söyləyib: "Bu çox vacib və vaxtında atılan bir addımdır. Birinci növbədə onu qeyd etmək istəyirəm ki, biz bununla bütün dünyaya açıq olduğumuzu göstəririk. Çünki burada çoxlu ölkələr toplanıb. İqtisadi inteqrasiyaya gəldikdə isə biz məqsədəuyğun olanı seçirik. Harada görürük ki, həmin inteqrasiya bizə əlavə iqtisadi xeyir gətirəcək, biz orada aktiv iştirak edirik. İnteqrasiyaya qoşulmaq bizə heç bir xeyir gətirmirsə, onda bu inteqrasiyaya təmkinlə yanaşırıq. Buna misal olaraq Azərbaycanın hələ də Ümumdünya Ticarət Təşkilatına üzv olmadığını göstərə bilərəm. Baxmayaraq ki, bizi bu təşkilata üzv olmağa aktiv şəkildə dəvət edirlər. Azərbaycan iqtisadiyyatının indiki mərhələsində bu təşkilata qoşulmaq Azərbaycanın kənd təsərrüfatına, fermerliyə, özəl sahibkarlığa və yerli istehsala ziyan vurur".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31