Yeni il bahalaşması vaxtından tez gəlib - ARAŞDIRMA

Bazarlarda qiymətlər od tutub yanır

Artıq 2013-cü ilin gəlməsinə sayılı günlər qalıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da Yeni il bayramına böyük sevinclə hazırlıq işləri gedir. Amma insanları narahat edən, bu sevincə kədər qatan məsələlərdən biri bayram süfrəsi üçün lazım olan ərzağın  bahalaşmasıdır. Bayramda hər kəsin süfrəsini bol edəcəyini nəzərə alan alverçilər fürsətdən yararlanaraq  qiymətləri süni şəkildə qaldırırlar. Elə bu səbəbdən də Yeni il bayramı yaxınlaşdıqca bazarlarda qiymətlər  dəyişir. Çünki bəzi ailələr ərzaq tədarükünü elə indidən görürlər ki, bu da birbaşa tələbatın artmasına dəlalət edir. Odur ki, ənənəvi olaraq ölkəmizdə bayram ərəfəsində qiymətlərin qalxması qaçılmaz olur. Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak mallarının qiymətləri  noyabr ayında  1.0 faiz, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 1.2 faiz bahalaşıb.  Oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri 1.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.3 faiz, xidmət tarifləri 0.1 bahalaşıb. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 1.0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.1 faiz və xidmət tarifləri 1.3 faiz bahalaşıb.  Əhalinin gəlirlərinin 64.0 faizi ərzağa xərclənib.  Aparılan müşahidələr deməyə əsas verir ki, Bakı şəhərinin bütün satış mərkəzlərində qiymət artımı baş verib. Etiraf edək ki, hazırda dünyanın elə bir neməti yoxdur ki,  Azərbaycan bazarlarında olmasın. Vaxtilə əlçatmaz görünən sitrus meyvələri indı dükan-bazarları bəzəyir. Bazardakı piştaxtalarda səliqə ilə düzülən müxtəlif çeşidli ərzaq məhsulları, meyvələr insanının zövqünü oxşayır. Amma onlara yaxınlaşmaq hər kəsin  görə biləcəyi iş deyil. Çünki bu növ məhsulların qiymətləri od tutub yanır. Araşdırmalar zamanı bəlli oldu ki, bayram ərəfəsində demək olar ki, bütün növ məhsulun qiymətində artım var. Yəni, ərzaq, kənd təsərrüfatı, sənaye məhsullarından tutmuş oyuncaqlar, mobel telefon, kosmetik və parfümeriya məhsullarına qədər qiymət artımı müşahidə olunur. Ən çox artım isə idxal mallarda qeydə alınıb. Çox qəribə olsa da satıcılar bunu idxal məhsulların daha keyfiyyətli olması ilə əlaqələndirir. Məlumat üçün qeyd edək ki, hazırda bazarda xiyarın kilosu 2-5 manat, pomidor 2-3 manat, soğan 1 manat, kartof 60 qəpik-1 manat, portağal 2 manat, banan-2 manat 50 qəpik-3 manat, armud 3 manat, nar 2-5 manat, üzüm 3-5 manat, ananas 4 manat, narıngi 2 manat 50 qəpik qəpik-3 manat, alma 2-5 manat, gavalı 3 manat, qarpız -yemiş 2 manat 50 qəpik-3 manat, limonun ədədi 40-90 qəpiyə satılır. Göstərilən qiymətlər deməyə əsas verir ki, ölkədə məhsul bolliuğunun olmasına baxmayaraq qiymətlər durmadan artır. Bu isə o deməkdir ki, regionlarda inşa edilən saxlama kameraları da işə yaramır. Onu da qeyd edək ki, satışa çıxarılan  məhsullar  əsasən Lənkəran, Quba, Göyçay və Sabirabaddan gətirilir.   Xarici ölkələrdən daha çox giləmeyvələr gətirilir. İran, Türkiyə, Dubay, Argentina və başqa ölkələrdən meyvə idxal edilir. Bəzi hallarda yerli məhsullar xarici mal adı altında alıcılara sırınır. Eyni vəziyyət yüngül sənaye məhsullarında da müşahidə olunur. Xüsusən, paytaxtın mərkəzində yerləşən ticarət mərkəzlərində geyim paltarlarınin qiymətləri kəllə-çarxa çıxıb. Havaların nisbətən coyumasi isə sanki bu bahalaşmanı  labüd edir. Bu növ mallarda ən çox bahalaşma xəz-dəri məmulatları, qadın paltar və ayaqqabılarında, eləcə də kişi üst geyimlərində qeydə alınıb. Qiymət artımı həm də qızıl-zinət əşyaları və uşaq oyuncaqlarında müşahidə olunub. Gələn ilin "ilan ili" olması ilə əlaqədar olaraq bazarlarda ilan oyuncaqları üstünlük təşkil edir. Yolkaların qiymətləri isə ölçüsü və keyfiyyətinə görə fərqlənir.  Hazırda bazarlarda  yolkalar 5 manatdan 200 manata qədər təklif olunur. Yolkanı bəzəmək üçün oyumcaqlarin qiyməti 5-20 manat arasında dəyişir.  Elə yeni ildə  restoranların əylənсə qiyməti də hər kəsin cibinə uyğun deyil. Belə ki, əyləncəli proqramlar üçün qiymətlər ən azı adambaşına 120-150 manata başa gələcək. Bakının tanınmış restoranlarının da dekabrın 31-nə nəzərdə tutulan şou proqramların qiyməti 250 manata qədər qalxa bilər. Bu qiymətə yemək-içmək, müğənnilərin iştirakı ilə şou proqrama baxmaq, şaxta baba, qar qızın iştirakı ilə əyləncə və diskoteka daxildir. Belə ki, bir ailə bayramda hind toyuğu yemək üçün ən azı 30, adi xoruz üçün 10 manat ödəməli olacaq. Bayram yaxınlaşdıqca ət və ət məhsullarının qiynəti daha da artır. Hazırda bazarda toyuq əti 8, mal əti 9, qoyun əti isə 9,5-10 manata saılır. Bayram süfrəsin standart yeməklər - salat, dolma, plovla bəzəmək istəyənlər bu nemətlər üçün ən azı 100 manat ödəməlidirlər. Əlavə xərclər (meyvə, pomidor, xiyar, şirə, çərəz, tort) üçün isə 50-70 manata qədər xərc çəkmək tələb olunur. Ekspertlərin qənaətincə bu göstərici orta azərbaycanlı ailəsi üçün olduqca yüksəkdir. Məsələ orasındadır ki, hər dəfə bayram ərəfəsində qalxan qiymətlər enmək bilmir. Məhz bu amili nəzərə alan millət vəkili Əli Məsimli təklif edib ki, vətəndaşlarının da bayram ərəfəsində ürəkləri istədikləri kimi bazarlıq edə bilmələri üçün ölkədə endirim kampaniyaları təşkil edilsin. Endirim kampaniyasının mahiyyəti ondan ibarətdir ki, məsələn, köhnə ilin sonunda mağazalarda yığılıb qalmış məhsullar Yeni ildə sürətlə satılsın. Bu kampaniya çox uğurla həyata keçirilir. Çünki malını ucuz satan bununla daha çox qazanır: "Düşünürəm ki, Azərbaycanı da sivil dünyanın tərkib hissəsinə çevrməkdən ötrü həqiqi endirimlərin olması üçün dövlətin müvafiq qurumları bu işdə biznesmenləri təşviq etməli, eyni zamanda, manipulyasiya xarakterli endirimlərin qarşısını almaq üşün qanunun gücündən istifadə olunmalıdır. Hesab edirəm ki, belə manipulyasiyalarla malların satılmasının qarşısını almaqda hökumətin əlaqədar strukturları etibarlı mexanizm formallaşdırmalıdır". Hər bayram öncəsi qalxan qiymətlərin bir daha enmədiyinə də toxunan millət vəkili bayram ərəfəsində qalxan qiymətlərin tələb-təklifdən doğmadığını söyləyib: "Təəssüflər olsun ki, bazar qanunları Azərbaycanda işləmir. Bazarda 10 faiz inflyasiya varsa, onun yalnız 2 faizi Azərbaycan iqtisadiyyatında gedən proseslərdən qaynaqlanır. 2-2,5 faiz xaricdən gətirdiyimiz malların üstündə gəlir, geridə qalan 5-6 faiz isə süni qiymət artırmının nəticəsidir ki, bu da əhalinin aşağı təbəqəsinin, son dövrlərdə isə orta təbəqənin də büdcəsinə ciddi ziyan vurur".
  Rəsmi dövlət orqanlarının məlumatına görə, bayramqabağı hər kəsin süfrəsini öz cibinə uyğun bəzəməsi, Yeni il ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə bu il dekabrın 29-30-da Bakının 10 ünvanında yeni illə bağlı yarmarkalar keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yeni illə bağlı tələbatın artması nəzərə alınaraq bazarlara daha çox meyvə, quru meyvə, toyuq əti və mal ətinin gətirilməsi təmin ediləcək. İqtisadi İnkişaf Nazirliyindən isə bildiriblər ki, nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq bazarda monitorinqlər aparır, bu, həm də süni qiymət artımının qarşısının alınmasına yönəlir. Yeni il bayramının yaxınlaşması ilə əlaqədar bu tədbirlərin intensivliyi daha da artırılır və istehlak bazarında olan məhsulların keyfiyyətinə olan nəzarət daha da gücləndirilir. Bundan başqa, bir sıra bayramlarda olduğu kimi, yeni ildə də ənənəyə uyğun olaraq Bakının bir çox yerlərində satış yarmarkalarının təşkili nəzərdə tutulur. Yarmarkalarda mallar bazar qiymətləri ilə müqayisədə daha ucuz olacaq. İntensiv nəzarət tədbirləri həyata keçiriləcək, bu, həm bayram öncəsi, həm də bayram günlərini əhatə edəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31