Yeni il süfrəsi neçəyə başa gəlir? ARAŞDIRMA

Bir müddətdən sonra bütün dünya Yeni ili qeyd edəcək. Azərbaycanda isə 31 dekabr ancaq Yeni il deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bir-birinə qarışan bu iki bayramı hamı yaddaqalan şəkildə qeyd etmək istəyir. Kimi evdə, kimi restoranda, kimi isə səyahətdə.
Bayramı evdə və restoranda keçirmək neçəyə başa gəlir? Düzdür, restoranlardakı əyləncənin qiymətində ötən illə müqayisədə demək olar artım olmasa da, evdə bayram qeyd etmək istəyənlər bu il daha çox pul xərcləməli olacaqlar.   Hazırda restoranların əylənсə qiyməti ən azı adambaşına 120-150 manatdan başlayır. Bu məbləğ 250 manata kimi qalxır. Bakının tanınmış restoranlarının da dekabrın 31-nə nəzərdə tutulan şou proqramların qiyməti əsasən oturacaq yerlərindən asılı olaraq dəyişir. Belə ki, səhnəyə yaxın olanda qiymətlər daha da bahalaşır. "Ceyran belində" olan bu qiymətə yemək-içmək, müğənnilərin iştirakı ilə şou proqrama baxmaq, şaxta baba, qar qızının iştirakı ilə əyləncə diskoteka daxildir.
Demək bir ailə bayramı restoranda qarşılamaq istəsə bunun üçün azı 500 manat ödəməli olacaq. Evdə isə bu məbləğin yarısı ilə bayram keçirmək mümkündür. Düzdür bu zaman siz əzizlərinizin əhatəsində şou-biznes ulduzlarının çıxışını yaxından deyil, mavi ekrandan izləməli olacaqsınız.
Belə ki, bir ailə bayramda hind toyuğu yemək üçün ən azı 30 manat ödəməli olacaq. Bayram yaxınlaşdıqca isə bu qiymət daha da artır.
Bayram süfrəsində standart yeməklər - salat, dolma, plovla bəzəmək istəyənlər bu nemətlər üçün ən azı 100 manat ödəməlidirlər. Əlavə xərclər (meyvə, pomidor, xiyar, şirə, çərəz, tort) üçün isə 50-70 manata qədər xərc çəkmək tələb olunur. Bu rəqəmin üzərinə yolka, bəzək əşyaları əlavə etdikdə isə məbləğ bir az da şişir.  Bayramqabağı hər kəsin süfrəsini öz cibinə uyğun bəzəməsi, Yeni il ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə bu il dekabrın 29-30-da Bakının 10 ünvanında yeni illə bağlı yarmarkalar keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin  verdiyi məlumata görə, artıq ənənəvi olaraq şənbə-bazar yarmarkalarında yeni illə bağlı tələbatın artması nəzərə alınaraq "bazarlara daha çox meyvə, quru meyvə, toyuq əti və mal ətinin gətirilməsi təmin ediləcək".
Onun sözlərinə görə, Bakı kinoteatrının yanındakı, Şərifzadə küçəsindəki, Badamdardakı, Təzə bazardakı, Dərnəgüldəki, Günəşlidəki yarmarkaların daha gur keçəcəyi güman edilir.
Nazirliyin məlumatına görə, bu yarmarkalara 40-45 kənd rayonundan məhsul gətirilir və həftə ərzində 500 tona yaxın məhsul satılır. Qiymətlər bazar qiymətlərindən orta hesabla 40 %-ə qədər aşağı olur. Anspress.com
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31