Tikinti materiallarında qiymət artımı davam edir - ARAŞDIRMA
Ən çox idxal materialları bahalaşıb
18 Dekabr 2012 15:00 İqtisadiyyatAzərbaycanda tikinti buminun inkişafı bazarda qiymətlərin dəyişməsilə müşahidə olunur. Daha doğrusu tikinti prosesinin sürətlə inkişafı bu növ məhsulların bahalaşmasına səbəb olub. Məlumdur ki, Azərbaycanda tikinti işləri beynəlxalq standartlara uyğun həyata keçirilir ki, bu da müasir tələblərə cavab verən materialların istifadəsinə şərait yaradır. Xüsusən, paytaxt Bakıda inşa edilən yeni binalar, otel və mehmanxanalar müasir və keyfiyyətli materiallar hesabına ərsəyə gəlir. Bunun bariz nümunəsi son vaxtlar paytaxtda dünya ölkələrin brend otellərinin nümunələrinin inşasıdır ki, bu binaların tikintisində ən çox xaricdə istehsal olunan materiallarından istifadə edilib. Etiraf edilməlidir ki, tikinti sektorunda istifadə edilən mal və materialların heç də hamısı yerli istehsal hesabına başa gəlmir. Məhz bu səbəbdən idxal tikinti materiallarının qiymətlərində artım müşahidə olunur. Maraqlı orasıdır ki, idxal tikinti materiallarında baş verən qiymət artımı yerli istehsala da təsirsiz ötüşmür. Bazarlarda aparılan araşdırmalar deməyə əsas verir ki, xarici tikinti materiallarınin qiyməti yerli istehsala da təsir edir. Belə ki, hazırda satış mərkəzlərində taxta, dikt, kərpic kimi tikinti materiallarının qiymətindəki artım təxminən 3-7% arasında dəyişir. Konkret olaraq 1 kubmetr taxta keçən ay 230 manata satılırdısa, hazırda bazarda həmin tikinti materialının kubuna 280 manatdan aşağı rast gəlmək mümkün deyil. Kərpicin qiymətində də artım qeydə alınıb. Ölkəyə gətirilən şüşənin, şveller, dəmir və sink layların qiymətindən isə danışmağa dəyməz. Bununla yanaşı, dəmir, armatur və parket materiallarında da artım nəzərə çarpır. Təkcə bu fakt deməyə əsas verir ki, idxal məhsullarda baş verən qiymət artımı birbaşa yerli istehsala təsir göstərir. Ekspertlərin fikrincə, ölkəyə idxal edilən taxta və diktin qiymətində qeydə alınan artım başa düşüləndir. Bu, Rusiya meşə sənayesində yaranan problem, yerli istehsalın az olması və ən nəhayət inhisarçılıqla bağlı ola bilər. Xarici tikinti materiallarının nisbətən keyfiyyətli olması da qiymətlərə təsir edən amillərdən hesab olunur. Ancaq bununla paralel yerli istehsal məhsulların bahalaşması başa düşülən deyil. Yəni, ölkədə istehsal edilən dəmir, armatur, kərpic kimi materialların qiymətində baş verən artım heç bir iqtisadı qanunauyğunluğa sığmır. Düzdür, indiki şəraitdə bazarda tikinti materiallarına tələbat kifayət qədərdir. Azərbaycanda həm dövlət, həm də özəl sektorda yüksək səviyyədə tikinti işləri aparılır. Yeni məktəblər, səhiyyə ocaqları, idman qurğuları və yaşayış binaları ucaldılır. Eyni zamanda, fərdi evlərin tikintisi kifayət qədədr çoxdur. Üstəgəl regionların inkişafı ilə bağlı dövlət proqramları icra edilir, şəhər və rayonların siması tamamilə dəyişdirilir. Bütün bunlar tikinti materiallarına olan tələbatın göstəricisidir. Lakin etiraf edilməlidir ki, bunların hamısında xarici tikinti materiallarından istifadə edilmir. Buna baxmayaraq, ümumilikdə tikinti materiallarının qiymətində artım qeydə alınıb. Statistika Komitəsinin rəsmi məlumatına görə, cari ilin yanvar-noyabr ayları ərzində ölkədə tikinti materiallarının qiyməti 18,1 faiz artıb. Ekspertlərin qənaətincə, bu göstərici ciddi şəkildə düşünməyə əsas verir. Çünki ilin bütün aylarında tikinti işlərinin aparılması üçün əlverişli şərait olmur. Buna baxmayaraq, on bir ay ərzində bu növ məhsullarin qiymətində azalma qeydə alınmayıb. Buna səbəb kimi tikinti işlərinin aparılmasında yerli materialların köçürülmə ilə istifadəsi göstərilir. Məlumdur ki, tikinti işlərində istifadə edilən yerli mal və materiallar yalnız və yalnız köçürülmə ilə həyata keçirilir. Bu zaman qiymətlərin sünii şəkildə şişirdilməsi baş verer ki, bi da bazara təsirsiz ötüşmür. Həmin istehsal müəssisələri himayə olunduğundan qiymət artımının qarşısını almaq mümkün olmur. Ancaq bəzi tikinti materiallarının qiymətlərində azalma müşahidə olunur ki, bu da materialların keyfiyyəti, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması və mövsümi amillərlə bağlıdır.
Alim