Xaricdən gətirilən tikinti materialları bahalaşıb VIDEO

Azərbaycanda istehsal olunanlar isə əksinə ucuzlaşıb

Xaricdən gətirilən tikinti materiallarının qiymətində artım var. Ölkədə istehsal olunanların isə əksinə qiyməti ucuzlaşıb. Mütəxəssislər deyir ki, belə qiymət fərqliliyinin yaranmasında materialların keyfiyyəti vacib rol oynayır. Əlbəttə mövsümü amillər, o cümlədən şimal qonşumuzun meşə sənayesində yaranmış problem də bu bazardakı qiymətlərə təsir edib.
Tikinti materialları bazarında Azərbaycana idxal olunan malların qiyməti artıb. Bazarlarda apardığımız araşdırmalardan məlum oldu ki, taxta, dikt, kərpic kimi tikinti materiallarının qiymətindəki artım təxminən 3-7% arasında dəyişir. Məsələn 1 kubmetr taxta keçən ay 230 manata satılırdısa, hazırda bazarda həmin tikinti materialının kubuna 280 manatdan aşağı rast gəlmək mümkün deyil. Kərpicin qiymətində də artım var. Bazarda apardığımız sorğulardan məlum oldu ki, alıcıların bu qiymət artımına münasibəti birmənalı deyil. Satıcılar isə alıcılıq qabiliyyətindən narazıdırlar.
Yerli istehsal olan malların isə əksinə qiymətində azalma müşahidə olunur. Məsələn, sement 1 ay əvvəl 6 manat 50 qəpiyə satılırdısa, hazırda müştərilərə 6 manatdan təklif olunur.
Mütəxəssislər isə tikinti bazarında qiymət dəyişikliyini Rusiyada meşə sənayesində, konkret olaraq ağac kəsimində problem yaranması və mövsümi amillərlə əlaqələndirir. İqtisadçı-ekspert Nüsrət İbrahimov bildirib ki, noyabr-dekabr aylarında tikintidə temp aşağı olur. Bu səbəbdən də tikinti materialları bazarında alıcılıq səviyyəsi aşağı düşür: "Materialları isə əsasən Rusiyadan idxal edirik. Qış aylarında orada ağac emalında azalmalar müşahidə edilir və bu da qiymətin artmasına gətirib çıxarır. Yaxın vaxtlarda qiymətlərin ucuzlaşmasını müşahidə edəcəyik".

Tikinti bazarında materialların qiymətlərində fərqliliyin olması həm də bu məhsulların keyfiyyəti ilə əlaqələndirilir. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən isə bildiriblər ki, yaxın günlərdə tikinti materiallarının keyfiyyətinin tənzimlənməsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31