Kirayə evlər yenə bahalaşıb

Bu ilin sentyabr ayında Bakıda kirayə qiymətlərinin artmasından sonra oktyabr və noyabr aylarında qiymətlərdə aşağı düşmə müşahidə edilib. "MBA Group" şirkətinin şərhinə əsasən, qiymətlərdə enmə olsa da, bazarda ümumi aktivlik qalıb.
Oktyabrda mənzillər üzrə qiymətlər 755 dollara yüksəldikdən sonra noyabrda 4,77% azalaraq 719 dollara enib. Kirayəyə verilən mənzillərin sahəsi nəzərə alındıqda isə ucuzlaşma oktyabr ayından baş verib. Sentyabrda kirayə qiymətinin mənzilin hər kvadratına düşən hissəsi 11,84 dollar olduğu halda oktyabrda 11,38 dollara, noyabrda 11,24 dollara enib.
"MBA" şirkətinin rəyinə görə, bazarda aktivliyi göstərən əsas əlamət əməliyyatların sayının artmasıdır. Noyabrda əməliyyatların sayı 206-dan 211-yə qədər artıb. Eyni zamanda, ötən ay bahalı evlərin kirayə götürülməsi faktı artıb.
Noyabrda tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı $1000-dən yuxarı) payı 15,6% artaraq 17,8%-ə, ucuz evlərin (aylıq kirayə haqqı $500-dək) payı isə 9% azalaraq 29,3%-ə düşüb.
Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən ali təhsil ocaqlarına yeni daxil olan tələbələr olub, tələb portfelinin bir qismini isə qısamüddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib.

Noyabrda kirayə mənzil bazarında təklifin həcmi 1,9% azalaraq 208 mənzil təşkil edib. Təklif portfelində azalma ucuz evlərin sayının qıtlığı ilə izah edilir. Xüsusən də ucuz evlərin təklif portfelində payının azalması həmin seqmentə tələbin artması ilə bağlı olub.

Noyabrda təklif portfelinin strukturunda da dəyişiklik olub. Bahalı evlərin, xüsusən də aylıq kirayə qiymətləri 1000 dollardan yuxarı olan mənzillərin 80-85%-i mərkəzi rayonlarda və ya I ilə II zonalarda təklif edilib. Qalan 15-20%-in mütləq hissəsini isə şəhərin kənar ərazilərində yerləşən mənzillər təşkil edib. Təklif portfelinin strukturunda uğun dəyişiklik otaq sayında da müşahidə edilib. Bir və ikiotaqlı mənzillərin sayında azalmalar qeydə alınıb.

Bazarda qiymətlərin dəyişməsi də təklif portfelində sayın dəyişməsi ilə düz mütənasib olub. Noyabrda ucuz mənzillərin sayında azalmalar, bahalı mənzillərdə isə əksinə artımlar müşahidə edilib. Təklif portfelinin zonalar üzrə bölgüsündə əvvəllər də olduğu kimi, II zona mütləq paya malik olub. I və III zonalarda artım müşahidə edilib. Təhsil ocaqları, kütləvi iş yerləri əsasən II zonada olduğundan bu ərazilərdə investisiya təyinatlı evlər üstünlük təşkil edir ki, bu da öz növbəsində həmin zonalarda təklif və tələbin paylarını artırır.

"MBA Group" hesab edir ki, kirayə mənzil bazarında qiymətlər tələbə uyğun dəyişib. Əgər ötən ilin noyabr ayında kirayə mənzil bazarında orta qiymət 655 dollar və ya kvadratmetr üzrə 10,5 dollar təşkil edirdisə, 2012-ci ilin uyğun ayında 719 dollar və ya 11,24 dollar/kv.m təşkil edib.

İl ərzində mənzilin kirayə qiymətində 7,05% artım, ay ərzində isə 1,23% azalma olub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31