Mərkəzi Bank uçot dərəcələrini endirdi

Ölkədə faiz dərəcələrinin daha da enməsinə şərait yaratmaq və bu yolla qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək məqsədilə  Mərkəzi Bankın İdarə Heyəti 10 dekabr 2012-ci il tarixindən etibarən uçot dərəcəsinin 5.25%-dən 5%-ə endirilməsi barədə qərar qəbul edib. Bu barədə Mərkəzi Bankdan "Olaylar"a verilən məlumata görə, 2012-ci ildə ölkə iqtisadiyyatının və ixracın şaxələnməsi, iqtisadi rifahın yüksəlməsi və makroiqtisadi dayanıqlığın güclənməsi prosesi daha da sürətlənib. Qeyri-neft iqtisadiyyatı cari ilin on ayında 10.4% artaraq iqtisadi artımın başlıca amilinə çevrilib. İqtisadi artıma və məşğulluğa həm daxili, həm də xarici tələb müsbət təsir göstərib. Məlumatda o da bildirilir ki, cari ildə ölkədə manatın məzənnəsinin sabitliyi qorunub, pul kütləsi inflyasiya hədəfinə uyğun templə artıb. Ölkədə inflyasiya birrəqəmli səviyyədə qalıb, orta illik inflyasiya tempi (1.3%) tərəfdaş ölkələrdən əhəmiyyətli aşağı olub. Bu şəraitdə kreditlər üzrə orta faiz dərəcələrində azalma meyilləri müşahidə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31