Əmanətlərin qaytarılması: 1 milyon 256 min 817 əmanət hesabı üzrə ödəniş həyata keçirilib
7 Dekabr 2012 16:39 İqtisadiyyatSSRİ dövründən qalan əmanətlərin verilməsi nə yerdədir? "Media forum" saytı dekabrın 7-də bu sualı Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyevə ünvanlayıb.
Keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi 2012-ci il iyunun 1-dən başlanıb. Ödəmələrin verilməsi "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti və onun filialları vasitəsilə həyata keçirilir. "Media forum" saytına danışan Maliyyə Nazirliyinin mətbuat katibi deyib ki, Azərbaycanda 2 milyon 400 min şəxsi hesab var: "İyunun 1-dən dekabrın 1-nə kimi "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti 1 milyon 256 min 817 əmanət hesabı üzrə fərdi birdəfəlik ödəniş həyata keçirib".
Mais Piriyev əlavə edib ki, ərizələrin qəbulu dekabrın 31-də başa çatır: "Maliyyə Nazirliyi əmanətçiləri həmin müddətədək ərizə və sənədlərini "Kapital Bank"ın şöbə və məntəqələrinə təqdim etməyə çağırır. Ərizələrin qəbulu istirahət günləri olan 29, 30 və 31 dekabrda da həyata keçiriləcək".