İnsan istifadəsi üçün yararsız düşes içkisinin istehsalının qarşısı alındı
7 Dekabr 2012 16:37 İqtisadiyyatMəlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 176A ünvanında Mirağa Mehdiyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı istehsal edilən düşes içkilərinin insan istifadəsi üçün yararsız olması ilə əlaqədar düşes içkilərinin istehsalının dayandırılması və istehsalın qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstəriş verilmişdi.
Bu istehsalat sahəsində sınaq partiyaları kimi istehsal edilmiş düşes içkisindən dəfələrlə nümunələr götürülərək laborator müayinəyə göndərilmiş, laborator müayinələrin nəticələrinə əsasən, düşes içkisinin sınaq partiyalarının da insan istifadəsi üçün yararsız olduğu müəyyən edilmişdir.
Düşes içkisinin qanunvericiliyin tələblərinə uyğun istehsalı üçün zəruri şəraitin olmadığını nəzərə alaraq, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Mirağa Mehdiyevə düşes içkisi istehsalı üçün verilmiş gigiyenik sertifikatın qanunvericiliyə uyğun olaraq ləğv edilməsi ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qarşısında məsələ qaldırılmış və Mərkəz tərəfindən ona düşes içkisinin istehsalı üçün verilmiş gigiyenik sertifikat ləğv olunmuşdur.