Nəğdsiz ödəniş sisteminin tətbiqi niyə mümkün olmur?
Rəsmi qurumlar vətəndaşları, vətəndaşlar isə POS-terminalları ittiham edirlər
7 Dekabr 2012 16:09 İqtisadiyyatXeyli vaxtdır ki, ölkədə nəğdsiz ödəniş sisteminin tətbiq edilməsinə baxmayaraq hələ də onun kütləviləşdirilməsi mümkün olmayıb. Dünyada elektron ticarətin geniş yayıldığı və demək olar ki, dünya ölkələrinin əksəriyyətində artıq bu sistemin adi həyat tərzinə çevrildiyi bir məqamda Azərbaycanda hələ də bu barədə kifayət qədər anlayışı olmnayan insanlar mövcuddur. Ortada olan fakt odur ki, nəğdsis ödəniş sisteminin geniş yayılmamasına görə vətəndaşlar rəsmi dövlət qururmlarını, dövlət orqanları isə vətəndaşları ittiham edirlər. Nəticə isə ondan ibarətdir ki, təsərrüfat subyektlərinin xeyli sayda vəsait xərcləyərək quraşdırdıqları POS-terminallar heç bir nəticə vermir. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bildirib ki, Azərbaycanda mütərəqqi ödəniş sisteminin formalaşdırılması istiqamətində aparılan islahatlar nəticəsində nağdsız ödəmələrin genişləndirilməsi üçün müasir banklararası hesablaşmalar sistemi yaradılıb və ödəmələrin elektron daşıyıcılar, o cümlədən plastik kartlar vasitəsilə şəffaf və təhlükəsiz şəkildə həyata keçirilməsinə geniş imkanlar mövcuddur. "Dövriyyədə olan pul kütləsində nağdsız ödəmələrin xüsusi çəkisinin yüksək olması bank-kredit sistemini iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevirir". A.Musayevin sözlərinə görə, nağd pul kütləsinin ümumi pul dövriyyəsində xüsusi çəkisi inkişaf etmiş ölkələrdə 7-10 faiz arasında olduğu halda, ötən ilin məlumatına əsasən, bu göstərici Azərbaycanda 51 faiz təşkil etmişdir. Bu da onu göstərir ki, nağdsız ödənişlərin genişləndirilməsi dövlətimizin maliyyə-iqtisadi siyasətinin əsas hədəflərindən biri olaraq qalır. O, qeyd edib ki, hazırda respublikamızda nağdsız ödənişlərin inkişafını, o cümlədən POS-terminalların tətbiqini təmin edən 10-a yaxın normativ-hüquqi akt qəbul olunub. Bununla belə, elektron ödəniş vasitələrinin tətbiqi heç də problemsiz deyil. Hələ də bəzi bankların və təsərrüfat subyektlərinin POS-terminalların tətbiqinə az maraq göstərməsi və əhalinin nağd ödənişlərin aparılmasına daha meyilli olması halları müşahidə edilir. A.Musayevin fikrincə, bu sahədə beynəlxalq təcrübədən, inkişaf etmiş ölkələrdə tətbiq olunan stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlərdən istifadə etməklə, habelə əhalinin maarifləndirilməsi və məlumatlandırılması yolu ilə göstərilən poblemlərin aradan qaldırılmasına nail olmaq mümkündür: "Məsələn, Avropa ölkələrindən Fransada hüquqi şəxslər arasında bir əqd üzrə nağd qaydada aparılan hesablaşmanın məbləği 1300 ABŞ dollarından çox olduqda, artıq məbləğin 5 faizi həcmində cərimə tətbiq edilir. Bolqarıstanda nağd qaydada aparılan ödənişlərin maksimal məbləği 3,3 min ABŞ dollarından çox olduqda, fiziki şəxslər artıq ödənilmiş məbləğin 25 faizi, hüquqi şəxslər isə 50 faizi həcmində cərimə olunur. MDB dövlətlərindən Rusiya Federasiyasında hüquqi və fiziki şəxslərin bir əqd üzrə nağd qaydada apardıqları hesablaşmaların məbləği 3,4 min ABŞ dollarından çox olduqda, limitdən artıq vəsaiti ödəyənə qarşı 1,3-1,7 min ABŞ dolları məbləğində cərimə tətbiq edilir. Eyni zamanda, bir çox ölkələrdə vergi sistemi vasitəsilə müəyyən güzəştlərdən istifadə olunur və beləliklə, nağdsız dövriyyənin genişləndirilməsi üçün stimullaşdırıcı addımlar atılır". A.Musayev bildirib ki, Azərbaycanda da Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan təkliflər paket halına salınaraq Nazirlər Kabinetinə təqdim olunub. Bu dəyişikliklərin bir qismi ölkədə nağdsız dövriyyənin genişləndirilməsinə xidmət edir.
Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov qeyd edib ki, nazirlik digər mühüm istiqamət kimi plastik kartlar vasitəsilə nağdsız ödənişlərin aparılması üçün Mərkəzi Bankla birlikdə müvafiq tədbirlər həyata keçirir: "2012-ci ilin aprel ayından vergi və rüsumların plastik kartlar vasitəsilə ödənilməsi layihəsi reallaşdırılır. Qısa müddətdə artıq 100 mindən çox transaksiya həyata keçirilib, onların ümumi məbləği 70 milyon manatı ötüb. Lakin hələlik ölkəmizdə nağdsız ödənişlərin həcmi arzu olunan səviyyədə deyil. Bu isə bir neçə amillə şərtləndirilə bilər. Əsas amillərdən biri kimi alqı-satqı əməliyyatları zamanı kartlardan istifadə ilə bağlı stimullaşdırıcı tədbirlərin hələlik çox az olmasını göstərmək mümkündür. Bu, nağdsız ödənişlərin həcminin artırılmasını lənğidir". N.Şirinov bildirib ki, 2012-ci il oktyabrın 4-də Nazirlər Kabineti müvafiq qərarı ilə "Azərbaycan Respublikası ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"nı təsdiq edilib: "Həmin qərara əsasən, 2015-ci ilə qədər respublikanın bütün kənd və qəsəbələrində POS-terminalların tətbiqinin başa çatdırılması nəzərdə tutulur. Hazırda POS-terminallar quraşdırılacaq obyektlərdə vergi ödəyicilərinə bildirişlərin xüsusi proqram tərəfindən avtomatik göndərilməsi üzərində işlər davam etdirilir və bu proses yaxın günlərdə başa çatdırılacaq". Baş idarə rəisi diqqətə çatdırıb ki, hazırda dünya ölkələrinin bir çoxunda nağdsız ödənişlərin mobil telefon vasitəsilə həyata keçirilməsi geniş vüsət alıb və ümumi elektron ödənişlərdə xüsusi çəkisi 28%-dir. 2013-cü ildə bu göstəricinin 34%-ə çatacağı gözlənilir. "Vergilər Nazirliyi vergilərin də mobil telefon vasitəsilə ödənilməsinə şərait yaratmaq üçün lazımi tədbirlər həyata keçirir. İnformasiya-kommunikasiya texnologiyaları inkişaf etdikcə nazirliyin bu sahədəki fəaliyyəti də təkmilləşəcək və ən müasir standartlara cavab verəcək".
Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlının sözlərinə görə, son 10 ildə Mərkəzi Bank tərəfindən elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan islahatlar nəticəsində ölkədə beynəlxalq standartlara cavab verən Milli Ödəniş Sistemi infrastrukturu fəaliyyət göstərir: "Bütövlükdə, ödəniş sistemlərində 2012-ci ilin 9 ayı üzrə emal edilmiş ödənişlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% artaraq 84.423 milyon manat təşkil edib. Ötən ilin 3-cü rübünün göstəriciləri ilə müqayisədə banklar tərəfindən dövriyyəyə buraxılmış ödəniş kartlarının sayı 10% artaraq 4,92 mln. ədədə, bankomatların sayı 8% artaraq 2224 ədədə, POS-terminalların sayı isə 2 dəfədən çox artaraq 36.702-yə çatıb". Vahid Qurbanlı ölkə başçısının bir sıra müvafiq fərmanları ilə verilmiş tapşırıqların vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədilə Mərkəzi Bankda "Hökumət Ödəniş Portalı"nın yaradıldığını, müvafiq dövlət orqanlarının fəal iştirakı ilə bu istiqamətdə fəaliyyətə başlanıldığını diqqətə çatdırıb: "Layihənin ilkin mərhələsində Vergilər və Maliyyə nazirlikləri, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi və Dövlət Sosial Müdafiə Fondu "Hökumət Ödəniş Portalı"na inteqrasiya olunub. Hazırda Daxili İşlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin daxili informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər görülür".
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov deyib ki, maliyyə əməliyyatlarının nağdsız formada aparılması, pulun alıcıdan satıcıya plastik kartlarla, bank vasitəsilə ödənişi istehlakçılara müəyyən üstünlüklər verir. "Nağdsız ödəniş sistemindən istifadə istehlakçıları külli miqdarda nağd pul vəsaitini özü ilə gəzdirmək məsuliyyətindən azad edir, ticarət zamanı əlavə vaxt itkisini aradan qaldırır. Bundan əlavə, nağdsız hesablaşmalar kart vasitəsilə həyata keçirildiyindən, bütün əməliyyatların dəqiq uçotunun aparılması reallaşır, vergiyə cəlb olunan gəlirlərin dəqiq müəyyənləşdirilməsi, şəffaflığın artırılması və s. məsələlər həll edilir". Lakin Z.Şərifov təəssüflə qeyd edib ki, son illər ölkəmizdə POS-terminal və bankomat şəbəkəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə baxmayaraq, kartlardan lazımi səviyyədə istifadə olunmur. Onun sözlərinə görə, bir çox hallarda guya POS-terminalların işləməməsi barədə əsassız bəhanələr gətirilir. "Lakin araşdırmalar göstərir ki, bəzən vergidən yayınmaq məqsədilə POS-terminallar vətəndaşlardan gizlədilir və ya satıcıların POS-terminallardan istifadə bacarığının olmadığı üzə çıxır. Bu mənada, POS-terminalların quraşdırılması ilə yanaşı, ondan istifadə məsələlərinə də nəzarət gücləndirilməlidir".
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, son illər internet xidmətlərinin tariflərinin aşağı salınması, yeni layihələrin həyata keçirilməsi, dövlət qurumlarında İKT-nin tətbiqinin genişləndirilməsi, elektron xidmətlərlə bağlı ciddi tədbirlərin görülməsi nağdsız ödəniş sisteminin inkişafına təkan verir: "Lakin bu sahədə müəyyən texnoloji problemlərin mövcudluğu vətəndaşların nağdsız ödənişlərə olan inamsız yanaşmasına gətirib çıxarır və bu, yolverilməzdir. Məsələn, bəzi hallarda nağdsız ödənişlərin hesaba köçməsində gecikmələr və başqa problemlər olur. Son nəticədə yaranan texniki problem vətəndaşları nağd ödənişlərdən istifadəyə təhrik edir". O.Gündüz vurğulamışdır ki, belə halların qarşısının alınması üçün müvafiq dövlət qurumları daha aktiv fəaliyyət göstərməlidirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov nağdsız ödəniş zamanı qarşıya çıxan bir sıra xoşagəlməz hallardan bəhs edib. AİB sədri bildirib ki, bəzən malın vitrindəki qiyməti ilə skaner kassa aparatında qeydə alınmış qiyməti fərqlənir, yəni vətəndaşlardan daha çox pul çıxılır. Eyni zamanda, nağdsız ödəniş zamanı səhvən artıq hesablanmış pulun müştəriyə qaytarılması da müəyyən çətinliklər yaradır və bəzi hallarda bunun mümkün olmadığını iddia edilir. Halbuki, kartla ödəniş zamanı artıq hesablanan məbləğin yenidən karta qaytarılması mümkündür. E.Hüseynov bir sıra yanacaqdoldurma məntəqələrində nağd ödəniş zamanı ödənilən məbləğin çekdə əksini tapmadığını, kartla ödəniş zamanı isə 25 qəpik az pul çıxıldığını diqqətə çatdırmışdır: "Belə çıxır ki, nağd ödəniş zamanı istehlakçıların aldadılması baş verir".
Alim