Avrozona üçün bədbin proqnoz
Gələn ilə iqtisadi geriləmə 0.3 faizlə proqnozlaşdırılır
7 Dekabr 2012 11:07 İqtisadiyyatAvropa Mərkəzi Bankı Avrozonanın iqtisadi gələcəyi haqqında olduqca tutqun proqnozlar verib. Ekspertlərin analitik hesablamalarına görə, vahid valyuta zonasında iqtisadi geriləmə gələn ildə də davam edəcək. Bankın prezidenti Mario Draqi iqtisadi artım səviyyəsinin kəskin aşağı düşəcəyindən xəbər verib. Draqi rəhbəri olduğu bankın hazırkı kredit faizini dəyişməyəcəyini elan edərək, onun rekord aşağı göstərici olaraq qalmasına vəsilə olub.
"Avrozonadakı iqtisadi zəiflik gələn ilə kimi uzanacaq, xüsusilə qeyri-müəyyən durum iqtisadi aktivliyə mənfi təsir göstərəcək. 2013-cu ilin sonlarından başlayaraq isə, iqtisadi aktivlik tədricən dirçəlməyə başlayacaq..."
Cari il üçün bank iqtisadçıları iqtisadi geriləməni 0.5 faiz, gələn il üçün isə 0.3 faizlə proqnozlaşdırıb. 2014-cü il üçün olan ehtimallarda isə qeyri-müəyyənliklər var. Bununla belə proqnozlara görə, qeyd edilən ildə ən pis halda 0.2 faiz iqtisadi geriləmə, ən yaxşı halda isə 2.2 faiz iqtisadi artım öncədən görülür.