YAP “Sığorta-pensiya sistemi” mövzusunda konfrans keçirib
19 Aprel 2012 16:50 İqtisadiyyatBu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "Sığorta-pensiya sistemi" mövzusunda dəyirmi masa keçirilib. Dövlət və hökumət rəsmiləri, millət vəkilləri və hakim partiya rəsmilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov ölkədə həyata keçirilən uğurlu islahatlar və bu islahatların xalqın social rifah halının yaxşılaşdırlmasına təsirindən danışıb. Bildirib ki, ölkədə aparılan mühüm işlər sahəsində əhəmiyyətli yer tutan məsələlərdən biri sosial pensiya sistemində islahatların həyata keçirilməsindən ibarətdir. Hakim partiya rəsmisinin sözlərinə görə, Azərbaycanın sosial siyasəti, xüsusilə onun pensiya təminatı ilə əlaqədar olan hissəsi insanların sosial rifahının daha da yüksəlməsi və daha da etibarlı sosial təminat sisteminin yaranmasına xidmət edir: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində insanları pensiyalarla daha etibarlı təmin etmək, pensiya sisteminin daha ədalətli metodlarla aparılması, pensiya alanlarla müvafiq orqanlar arasındakı münasibətlərin daha da sivil texnologiya ilə həyat keçirilməsi nəzərdə tutulub. Bununla da müasir pensiya sisteminin yaranmasına təşəbbüs göstərilir". Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov geniş təqdimatla çıxış edib. Fond sədri bildirib ki, ötən dövrdə Azərbaycan sosial müdafiə sisteminin beynəlxalq standartlara əsaslan islahatları nəticəsində sığorta pensiya sistemində mühüm nailiyyətlər əldə olunub. Onun sözlərinə görə, "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasının hazırlanması üçün verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, həmin tədqiqatlarda 2020-ci ilə qədər olan dövr xüsusi diqqətə alınıb: "2020-ci ildə Azərbaycanın sığorta-pensiya sisteminin sığortaedənlər, sığortaolunanlar və pensiyaçılara münasibətdə bir sıra fəaliyyətə nail olmaq hədəflənib. Belə ki, sığortaedənlərə münasibətdə sığortaedənlərin qeydiyyatı tam avtomatlaşdırılır. Sığortaolunanlar dövlət sosial sığorta sistemində avtomatlaşdırılmış qaydada uçota alınır. Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların elektron qaydada ötürülməsi və qəbulu həyata keçirilir. Sığortaedənlərdə audit elektron qaydada aparılır, inzibati nəzarət ictimai nəzarətlə əvəzlənir. Məcburi dövlət sosial sığorta haqlarının müəyyən hissəsi sığortaolunanların yığım hesablarına yönəldilir. Qeyri-dövlət pensiya fondları sığortaolunanların fərdi yığım hesablarında toplanan vəsaitlərin idarə olunmasında iştiraka cəlb edilir".
Səlim Müslümov qeyd edib ki, ölkədə 3 pilləli pensiya təminatı müəyyənləşdirilib ki, bu da əhalinin sosial müdafiəsinin dövlət siyasətində daim ön plana çəkilməsi prinsipinin əyani təzahürüdür: " Əvvəlki sistemlə pensiyaya çıxmış insanların dab u sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanıb. İşləyənlərə pensiya və sosial sığorta müavinətlərinin verilməsi yeni qaydalarla əhatə olunub, bununla da işləyənlər üzrə pensiya və müavinətlərin ödənişinin iş yerlərindən aparılması səbəbindən yaranan problemlər, o cümlədən social ödənişlər üzrə borc yaranması halları aradan qaldırılıb. İşləyən pensiyaçılara yaşa görə əmək pensiyasının 50 faiz həcmində ödənilməsi kimi mənfi praktika ləğv olunub və onlar öz pensiyalarını tam məbləğdə almağa başlayıblar". Fondun sədri deyib ki, 2020-ci ildə Azərbaycan Respublikasının sığorta-pensiya sistemində vətəndaşla fondun əməkdaşları arasında birbaşa əlaqə yarada bilən bütün hallar aradan qaldırılacaq. Həmçinin həm sığortaedənlərin uçota alınması, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi, fərdi uçotunun aparılması, fərdi şəxsi hesablardan müvafiq məlumatların əldə edilməsi, fond tərəfindən bu proseslərə audit və digər vasitələrlə nəzarət edilməsi, həm pensiyaların təyin olunması, həm də onların ödənişi tam avtomatlaşdırılması nəzərdə tutulub.Konfransda çıxış edən millət vəkilləri Ziyad Səmədzadə, Hadı Rəcəbli, Əhliman Əmiraslanov, Əli Məsimli və digərləri mövzu ilə bağlı fikirlərini bildiriblər.
Süleyman İsmayılbəyli