Heydər Əsədov Maliyyə və İqtisadi İnkişaf nazirliklərini müdafiə etdi
“Büdcə təşkilatlarının məsuliyyəti artırılmalıdır”
18 May 2012 17:00 İqtisadiyyat"Büdcənin icrasına cavabdeh olan və bu işə nəzarət edən qurumların hər biri ayrılıqda parlament qarşısında hesabat verməli, onların hesabatı dinlənilməlidir". Bnu deyən Hesablama Palatasının sədri Heydər Əsədov bildirib ki, büdcə təşkilatlarının məsuliyyəti artırılmalıdır: "Biz indiyə qədər büdcənin icrasının müzakirəsini maliyyə, iqtisadi inkişaf nazirliklərinin timsalında həyata keçirmişik. Amma mənə elə gəlir ki, bu nazirliklərlə yanaşı, dövlət büdcəsinin icrasına cavabdeh olan və bu işə nəzarət edən qurumların, büdcə təşkilatlarının hər biri ayrılıqda hesabat verməli, onların hesabatları Milli Məclisdə dinlənilməlidir". Palata sədri deyib ki, əgər ayrılan vəsait tam icra olunmursa, bunun günahını Maliyyə və İqtisadi İnkişaf nazirliklərində axtarmaq lazım deyil. "Hesab edirəm ki, bu məsələyə hər bir büdcə təşkilatı özü aydınlıq gətirməlidir. Bu baxımdan, onların gələcəkdə məsuliyyəti məsələsi daha da artırılmalıdır".