2013-cü ilin dövlət büdcəsi təsdiqləndi
Büdcənin gəlirləri 5, xərcləri isə 40 milyon manat artırıldı
30 Noyabr 2012 15:23 İqtisadiyyatNoyabrın 30-da Milli Məclisdə "2013-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam etdirilib. Yenilənmiş sənəd barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Nazir bildirib ki, ötən iclaslarda büdcə zərfinin müzakirəsi zamanı millət vəkillərinin irəli sürdükləri təkliflər işçi qaydasında müzakirə edilib. Həmin təkliflərin bəzilərinin reallaşması barədə konkret addımlar atılıb, bəziləri isə hazırda araşdırılır. Millət vəkillərinin büdcə ilə bağlı təklifləri də nəzərə alınıb. Onun sözlərinə görə, millət vəkillərinin təkliflərinə uyğun olaraq büdcə layihəsində səhiyyə sahəsinə ayrılan vəsaitin miqdarı 3 milyon manat artırılıb. Bu vəsait özəl və dövlət səhiyyə müəssisələrinin maddi-texniki bazalarının artırılması və müasir avadanlıqların alınmasına yönəldiləcək. Eyni zamanda, siyasi partiyalara ayrılan büdcə vəsaitlərinin miqdarının artırılması barədə təklif də nəzərə alınıb. Siyasi partiyalara ayrılan vəsaitlərin miqdarı 500 min manat artırılaraq 2,5 milyon manata çatdırılıb. Milli Məclisin smeta xərcləri də 726 min manat artırılıb. Bu vəsait də parlamentin maddi-texniki bazasının güclənməsi və ezamiyyə xərcləri üçün nəzərdə tutlur. Bundan başqa, büdcədən kənar xərclər 35, büdcə kəsirini tamamlamaq üçün də 35 milyon manat artırılacaq. Ümumiyyətlə, bu dəyişikliklərdən sonra büdcənin gəlirləri 5 milyon manat artırılaraq 19 milyard 159 milyon, xərcləri isə 40 milyon manat artırılaraq 19 milyard 850 milyon manata çatdırılıb. Maliyyə naziri bəyan edib ki, gələn ilin dövlət büdcəsi əhalinin sosial rifah halının yüksəlməsi xidmət edəcək, sosialyönümlü layihələrin icrasına şərait yaradacaq.
Büdcə layihəsi səsə qoyulub və qəbul edildi. Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov fondun büdcəsi barədə məlimat verdi. Fond sədri bildirdi ki, millət vəkillərinin bir sıra bölgələrdə bankomatların qoyulması ilə bağlı təklifləri nəzərə alınıb. Belə ki, artıq bir sara rayonlarda əlavə bankomat quraşdırılıb. Həmçinin gələn ildən ölkəyə 30 yeni, 2 səyyar bankomat gətiriləcək. Tovuz rayonunun sərhəd zonalarında stasionar bankomat quraşdırılacaq. Onun bildirdiyinə görə, millət vəkillərinin təklifləri nəzərə alınaraq sanatoriya-kurort xərcləri 300 milyon manat artırılıb. Bu, pensiya və müavinətlərin çatdırılması xərclərinin azaldılması hesabına reallaşıb. Daha sonra büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri qəbul olunub. Qeyd edək ki, gələn il üçün yaşayış minimumu 116 manat, ehtiyac meyarı 93 manat təşkil edəcək. Iclasda həmçinin Milli Məclisin 2013-cü il üçün smeta xərcləri və Hesablama Palatasının büdcəsi təsdiqlənib. Sonda Milli Məclisın sədri Oktay Əsədov qeyd edib ki, gələn ilin büdcəsi müstəqil Azərbaycanın tarixində ən böyük büdcədir: "May ayında büdcə dəyişiklikləri məsələsi qalxsa, digər millət vəkillərinin təklifləri də əksini tapacaq".
Alim
p